Bakı. Aqşin Rafiqoğlu - APA-Economics. Rusiya Türkiyəyə əlavə olaraq 2 mlrd. qaz nəql edəcək. "APA-Economics" xəbər verir ki, bu barədə "Kommersant" qəzeti mənbələrinə istinadən yazır.
Mənbə bildirir ki, əlavə qaz həcmləri Trans-Balkan qaz kəməri ilə nəql oluna bilər: "Türkiyədə təbii qaza olan tələbat artır. Türkiyənin əlavə olaraq 2 mlrd. kubmetr qaza ehtiyacı var. Bu həcmi Rusiya Trans-Balkan qaz kəməri ilə Türkiyəyə çatdıra bilər".
Onun sözlərinə görə, məhz bu səbəbdən Rusiya Türkiyəyə nəql etdiyi qaza görə endirim etməyə razılıq verib. "Nəql olunacaq əlavə 2 mlrd. kubmetr qazın hesabına Rusiya endirimdən əldə olunan itkiləri kompensasiya edəcək", - deyə mənbə əlavə edib.
Qəzet isə yazır ki, mənbənin dediklərini faktiki olaraq "Qazprom"un İdarə Heyətinin sədri Aleksey Miller "Rusiya 24" telekanalına müsahibəsində təsdiqləyib. A. Miller deyib ki, "BOTAŞ-a satılan qaza görə endirim Türkiyəyə nəql olunacaq qazın həcminə bağlıdır".
"Qazprom" əlavə şərh verməkdən imtina edib.
Digər mənbə isə "Kommersant" qəzetinə bildirib ki, Azərbaycan və İran təbii qaza tələbatı artan Türkiyəyə nəql olunan "mavi yanacağ"ın həcmini artıra bilmir. Sıxılmış maye qazın alışı isə indiki mərhələdə o qədər də əlverişli deyil, ən azından Rusiya qazından bahadır. "Bundan başqa, Azərbaycanda hasilatın azalması və bəzi yataqların istismara verilməsi ilə bağlı hökm sürən qeyri-müəyyənlik imzalanan müqavilə çərçivəsində Azərbaycanın Türkiyə qarşısında götürdüyü öhdəliyi (ildə 6,6 mlrd. kubmetr qazın nəqli) yerinə yetirməsini də sual altına qoyur. BP-nin məlumatlarına əsasən, 2015-ci ildə Azərbaycan Türkiyəyə yalnız 5,3 mlrd. kubmetr həcmində qaz nəql edib", - deyə mənbə bildirib.