Bakı. Aqşin Rafiqoğlu - APA-Economics. Bu gündən etibarən Rusiya Ukraynaya təbii qazın verilişini bərpa edib.
“APA-Economics”in RİA “Novosti” agentliyinə istinadən verdiyi məlumata görə, bu barədə “Ukrtransqaz” şirkətinin mətbuat xidmətinin rəhbəri Maksim Belyavski bildirib.
Onun sözlərinə görə, ukraynalı istehlakçıların tələbatını ödəmək üçün Rusiyadan gündəlik 43,5 mln. kubmetr qaz ixrac ediləcək.
“Rusiyadan qazın idxalı “Naftoqaz Ukrayna” şirkətinin iki gün öncə qarşı tərəfə ünvanladığı təkrar müraciəti əsasında bərpa edilib”, - deyə o bildirib.
Qeyd edək ki, ötən həftənin cümə günü “Naftoqaz Ukrayna” şirkəti dekabrda 1 mlrd. kubmetr həcmində Rusiya qazını almaq üçün qarşı tərəfə 378 mln. ABŞ dolları dəyərində ödəniş edib.