Bakı-APA. “Əsrin müqaviləsi”nin imzalanmasının 22-ci ildönümü və “Neftçilər günü” münasibətilə SOCAR-ın “Azneft” İstehsalat Birliyində, “Azərikimya” İstehsalat Birliyində, “Neftqaztikinti” Trestində, Heydər Əliyev adına Bakı Dərin Özüllər Zavodunda, Qaz Emalı Zavodunda, Neft Kəmərləri İdarəsində, Təlim, Tədris və Sertifikatlaşdırma İdarəsində tədbirlər keçirilib.
SOCAR-ın mətbuat xidmətindənm APA-ya verilən xəbərə görə, tədbirlərdə çıxış edənlər “Əsrin müqaviləsi” çərçivəsində neft-qaz sənayesində aparılan uğurlu islahatlardan, dövlət səviyyəsində neftçi əməyinə göstərilən yüksək diqqət və qayğıdan söz açıblar. Natiqlər prezident İlham Əliyevin rəhbərliyi altında uğurla davam etdirilən enerji strategiyasının ölkəyə qazandırdığı uğurlardan söz açıblar, neftçiləri bu əlamətdar gün münasibəti ilə təbrik ediblər.
İşində fərqlənmiş bir qrup neftçiyə fəxri fərmanları və pul mükafatları verilib. “Neftçilər günü” ilə əlaqədar keçirilmiş idman yarışlarının qaliblərinə diplom və hədiyyələr təqdim edilib.