Bakı - APA-Economics. Türkiyədə tikilən "STAR" neft emalı zavodu vaxtından öncə istismara veriləcək.
Azərbaycan Dövlət Neft Şirkətindən “APA-Economics”ə verilən məlumata görə, bu barədə şirkətin Türkiyədəki törəmə şirkəti olan “SOCAR-Turkiyə”nin baş icraçı direktoru Kənan Yavuz deyib.
K.Yavuz bildirib ki, 2017-ci ilin sonunda istismara verilməsi planlaşdırılan neft emalı zavodu Türkiyə iqtisadiyyatının cari əməliyyatlar kəsiri probleminin həllinə minimum 2,5 mlrd. dollarlıq fayda verəcək.
Qeyd edək ki, bundan öncə SOCAR-ın açıqlamalarında qeyd olunub ki, adıçəkilən zavod 2018-ci ilin I rübündə istismara veriləcək.
Daha sonra K.Yavuz qeyd edib ki, Türkiyənin özəl sektorunda ilk neft emalı zavodu olan və 3.29 milyard dollar məbləğində sərmayə yatırılan STAR Neft Emalı Zavodunun layihə maliyyələşdirməsinə dair anlaşma kredit həcminə, zəmanət şəklinə və xüsusiyyətlərinə görə Türkiyədə bu günə qədər gerçəkləşdirilmiş ən böyük, çox mənbəli kompleks layihə maliyyələşdirmə əməliyyatıdır.
Baş icraçı direktor layihənin maliyyələşdirmə paketində 6 ölkədən 7 idxalat kredit quruluşunun, 13 beynəlxalq ticarət bankının, 2 xarici inkişaf bankının və 1 Türkiyə bankının iştirak etdiyini bildirib. Bu, eyni zamanda 2014-cü ildə Avropa-Orta Şərq-Afrika bölgəsində neft və təbii qaz sahəsində gerçəkləşdirilmiş ən böyük layihə maliyyələşdirilməsidir.
Emal olunacaq illik 10 mln. ton xam neft bu vaxtadək idxal edilən məhsulların istehsalına yönəldiləcək, bununla da əlavə dəyər Türkiyə daxilində qalaraq xalqın rifahına və ölkənin tərəqqisinə töhfə verəcəkdir.
“Zavodun ümumi dəyərinin 5,7 mlrd. dollara çatacağını qeyd edən Kənan Yavuz, bu məbləğin 3,29 mlrd. dollarını layihə maliyyələşdirmə krediti ilə, qalan hissəsini isə öz qaynaqlarımızla gerçəkləşdirəcəyik”, - deyə K.Yavuz bildirib.