2025-ci ildə Azərbaycanın hasil olunan əmtəə qazının illik həcmi 40 mlrd. kubmetrə çatacaq. "APA-Economics" xəbər verir ki, Bakıda keçirilən II "Xəzər və Mərkəzi Asiya - Neft Emalı, Neft-kimya, Ticarət və Logistika" forumunun ikinci günündə SOCAR-ın Qaz İxrac İdarəsi rəisinin birinci müavini Nazim Səmədzadə bildirib.
Onun sözlərinə görə, Azərbaycanın təsdiq olunmuş qaz ehtiyatları 2,5 trln. kubmetr həcmində qiymətləndirilir: "Şahdəniz" qaz kondensat yatağının ehtiyatları 1,2 trln. kubmetr qaz, 240 mln. ton kondensat həcmində qiymətləndirilir. 2006-cı ildə "Şahdəniz" yatağında hasilata başlanılıb və birinci mərhələ çərçivəsində təxminən illik 10 mlrd. kubmetr həcmində qaz hasil olunur. Yatağın ikinci mərhələsi üzrə hasilata 2018-ci ildə başlanacağı və hasilatının 16 mlrd. kubmetr olacağı nəzərdə tutulur".
N.Səmədzadə əlavə edib ki, "Şahdəniz" yatağından hasil olunan qazın 800 mln. kubmetri Gürcüstana, 6,6 mlrd. kubmetri Türkiyəyə nəql olunur, 1,5 mlrd. kubmetr qaz isə ölkə daxilində istehlak edilir. O, SOCAR-ın Gürcüstana nəql etdiyi qaz həcmi isə ildə 1,2 mlrd. kubmetr təşkil etdiyini vurğulayıb.
SOCAR rəsmisi bildirib ki, ilkin qiymətləndirmələrə görə, "Abşeron" yatağının ehtiyatları 350 mlrd. kubmetr qaz, 45 mln. ton kondensatdan, "Ümid" yatağının ehtiyatları 200 mlrd. kubmetr qaz və 40 mln. ton kondensatdan ibarətdir.