Babək perspektiv strukturunda ilk qaz hasilatına 2024-2025-ci illərdə başlanması planlaşdırılır. "APA-Economics" xəbər verir ki, bunu bu gün Bakıda keçirilən 24-cü Beynəlxalq Xəzər Neft-Qaz konfransında SOCAR-ın geologiya və geofizika üzrə vitse-prezidenti Bəhram Hüseynov bildirib.
Onun sözlərinə görə, bu struktur qonşu "Ümid" yatağı ilə bitişikdir: "Burada aparılan 3D seysmik işlər 2013-cü ildə tamamlanıb. "Ümid" yatağının davamı kimi bitişik dörd tərəfdən qapalı qaz-kondensat yatağının perspektiv strukturu aşkarlanıb".
Vitse-prezident əlavə edib ki, hazırda SOCAR-ın "Elmitədqiqatlayihə" İnstitutu tərəfindən birinci kəşfiyyat quyusunun qazılmasına hazırlıq işləri görülür: "Burada dənizin dərinliyi 180 metrdən 800 metrə qədərdir. Əgər qaz-kondensat yatağı aşkar olunarsa, ilk olaraq 180 metr dərinlikdə bir platforma qoyub, ehtiyatların 3-4 quyu vasitəsilə ilkin işlənməsinə başlamaq mümkündür".