Bakı. Aqşin Rafiqoğlu - APA-Economics. SOCAR-da mövcud olan Korrupsiyaya qarşı mübarizə və şəffaflıq standartlarına uyğun olaraq, şirkətin Əsaslı investisiya qoyuluşu idarəsinin rəis müavini Qiymət Mehdiyev barəsində yayılan xəbərlərlə bağlı araşdırma aparılır.
Dövlət şirkətindən "APA-Economics"ə verilən məlumata görə, araşdırmanın nəticələri barədə ictimaiyyətə məlumat veriləcək.
Xatırladaq ki, haqqın. az saytının yaydığı məlumata əsasən, Q. Mehdiyevin həyat yoldaşı Azərbaycan vətəndaşı, 1974-cü ildə anadan olmuş Mehdiyeva Könül Fərhad qızı 2014-cü il iyulun 4-də Türkiyənin elit kurort bölgəsi Bodrumda, Gökçebel qəsəbəsində 16 ikimərtəbəli villa və 12 min 621.71 kvadratmetr torpaq sahəsi alıb. K. Mehdiyeva bu əmlakı Alik Dunkan Morrison və Karen Meri Morrison adlı şəxslərdən əldə edib. K. Mehdiyeva bu əmlakı almaq üçün 20 milyon dollar ödəyib. Redaksiya K. Mehdiyevanın mülkləri almaq üçün qucaq dolusu milyonlarla dollar nağd pulu necə ödədiyinə dair videokadrlar və fotolara da malik olduğunu qeyd edib.
Yazıda eyni zamanda Q. Mehdiyevi şirkətinin vitse-prezidenti Mikayıl İsmayılovun himayə etdiyi vurğulanıb.