Bakı. Aqşin Rafiqoğlu - APA-Economics. Bu gün Bakı Ali Neft Məktəbində alman faşizmi üzərində Qələbənin 70-ci ildönümü münasibətilə “Heç kim unudulmur, heç nə yaddan çıxmır” mövzusuda təntənəli mərasim keçirilib.
“APA-Economics”in xəbərinə görə, Milli Məclisin sədr müavini Valeh Ələsgərovun, SOCAR-ın prezidenti Rövnəq Abdullayevin, Azərbaycan Televiziya və Radio Verilişləri QSC-nin sədri Arif Alışanovun, “Azərişıq” ASC-nin sədri Baba Rzayevin, Milli Məclisin İqtisadi siyasət komitəsinin sədri Ziyad Səmədzadənin və digər rəsmi şəxslərin iştirak etdiyi mərasimi giriş sözü ilə açan Bakı Ali Neft Məktəbinin rektoru Elmar Qasımov iştirakçıları salamlayıb, onları Qələbə günü münasibəti ilə təbrik edib.
R. Abdullayev Azərbaycan Prezidenti İlham Əliyevin sərəncamı ilə təsdiq olunmuş “1941-1945-ci illər müharibəsində qələbənin 70 illik yubileyinə hazırlıq və yubileyin qeyd olunması üzrə Tədbirlər Planı”na uyğun olaraq, ölkəmizin hər yerində olduğu kimi, SOCAR-da də alman faşizmi üzərində Qələbənin təntənə ilə qeyd olunduğunu bildirib, bu münasibətlə çoxminli neftçilər ordusu adından müharibə veteranlarını təbrik edib.
SOCAR prezidenti Azərbaycanın mərd oğul və qızlarının o illərdə göstərdikləri döyüş və əmək şücaətindən, qəhrəmanlıq salnamələrindən danışıb, Böyük Vətən Müharibəsinin qələbə ilə başa çatmasında Bakı neftçilərinin misilsiz rolundan ətraflı bəhs edib. O gənclərin milli vətənpərvərlik ruhunda tərbiyə edilməsi, veteranların öz zəngin təcrübələrini onlara aşılaması baxımından bu günki mərasimin mühüm əhəmiyyət kəsb etdiyini deyib.
Sonra “1941-1945-ci illər Böyük Vətən müharibəsində Qələbənin 70 illiyi münasibəti ilə maddi yardımın verilməsi haqqında” SOCAR prezidentinin əmri oxunub. Əmrə əsasən, qələbənin əldə edilməsində misilsiz xidmətlərini nəzərə alaraq və Qələbənin 70-ci ildönümü münasibəti ilə neftçi-veteranların maddi rifah halının yaxşılaşdırılması məqsədi ilə SOCAR-ın strukturuna daxil olan qurumların sabiq işçiləri və hazırda təqaüddə olan Böyük Vətən Müharibəsi iştirakçılarının hər birinə 500 manat və həmin dövrdə arxa cəbhədə fədakar əməyinə görə orden və medallarla təltif edilib, neftçi-veteranların hər birinə 200 manat məbləğində maddi yardım veriləcəkdir.
Daha sonra R. Abdullayev mərasimdə iştirak edən Böyük Vətən Müharibəsi veteranları Əbdülağa Cavadova və Məsimalı Mustafayevə şirkətin xatirə hədiyyələrini tədqim edib.
Tədbirdə Böyük Vətən Müharibəsi veteranı, görkəmli neftçi-alim Əbdülağa Cavadovun anadan olmasının 95 illiyinə həsr olunmuş film nümayiş etdirilib.