Bakı. Aqşin Rafiqoğlu - APA-Economics. Bu ilin əvvəlinə Azərbaycan Dövlət Neft Şirkətinin (SOCAR) konsolidə olunmuş borcu 7 mlrd. dollara yaxındır.
“APA-Economics”in məlumatına görə, bu barədə jurnalistlərə SOCAR-ın iqtisadi məsələlər üzrə vitse-prezidenti Süleyman Qasımov bildirib.
S. Qasımovun sözlərinə görə, bu vəsait böyük görünsə də, SOCAR-ın maliyyə strategiyasına uyğun bir borclanmadır: “Çünki bu borclanmaya audit şirkətləri tərəfindən nəzarət olunur. Eyni zamanda, SOCAR-ın borclandığı digər borcverənlər qarşısında da müəyyən məhdudiyyətlərə cavab verir. Borcun strukturuna baxsaq, bu vəsaitin 1,5 milyard dolları fondlara olan 10 illik borcdur”.
O bildirib ki, təxminən 1 mlrd. dollar borc “SOCAR Trading”in qısamüddətli borclanmasıdır: “Bu da neftin alınması və onun satışı ilə bağlı borclanmadır. 1 milyard dollar isə SOCAR-ın Türkiyədə həyata keçirilən layihələr üzrə borclardır. Onların da qaytarılması “Petkim” şirkətinin səhmləri və bonusları hesabına həyata keçiriləcək. Düşünürük ki, təqribən 1 milyard dollar qədər də zaman-zaman “Azəri-Çıraq-Günəşli” yataqlar blokunda müəyyən faiz payın alınmasına, Bakı Gəmiqayırma Zavodunun tikintisinə SOCAR-ın Dövlət Neft Fondundan cəlb etdiyi kreditlərdir”.
Şirkət rəsmisi deyib ki, SOCAR-ın borcları idarə olunur, onların vaxtı-vaxtında faizləri ödənilir: “Bunu özü bir daha göstərir ki, SOCAR-a 15 illik bondların verilməsi investorlar və borcverənlər tərəfindən şirkətin etibarlı tərəfdaş olmasının sübut edir”.