SOCAR ixrac etdiyi neft məhsullarının həcmini və satış qiymətlərini açıqlayıb.
SOCAR-dan “APA-Economics”ə verilən məlumata görə, SOCAR-ın Marketinq və İqtisadi Əməliyyatlar İdarəsi bu ilin sentyabr ayında 37 min 646 ton dizel yanacağı, 7 min 528 ton təyyarə yanacağı, 890 ton mütləqləşdirilmiş izopropil spirti, 112 ton maye piroliz qətranı, 596 ton propilen və 598 ton butilen butadien fraksiyası ixrac edib.
Ümumilikdə, bu ilin yanvar-sentyabr ayları ərzində 401 min 158 ton dizel yanacağı, 33 min 582 ton təyyarə yanacağı, 236 ton soba mazutu, 56 min 265 ton yüksək təzyiqli polietilen, 9 min 107 ton mütləqləşdirilmiş izopropil spirti, 46 min 985 ton maye piroliz qətranı, 29 min 249 ton propilen və 21 min 616 ton butilen butadien fraksiyası ixrac edilib.
Bu ilin sentyabr ayında dünya bazarında etilləşdirilmiş benzinin qiyməti (1 ton üçün) - 575,01 ABŞ dolları, təyyarə yanacağının - 539,99 dollar, dizel yanacağının - 505,99 dollar, 1 faizli kükürdlü mazutun - 317,18 dollar, yüksək təzyiqli polietilenin - 1219 dollar, butilen butadien fraksiyasının - 628,77 dollar, maye piroliz qətranının - 575,01 dollar, propilenin qiyməti - 830 avro, mütləqləşdirilmiş izopropil spirtinin qiyməti - 1450 avro təşkil edib.