Bank Of Baku

SOCAR prezidenti: "DESFA-nın səhmlərinin 66%-nin özəlləşdirilməsində israrlıyıq"

SOCAR prezidenti: "DESFA-nın səhmlərinin 66%-nin özəlləşdirilməsində israrlıyıq"
# 14 sentyabr 2015 09:28 (UTC +04:00)

Bakı. Aqşin Rafiqoğlu - APA-Economics. SOCAR Yunanıstanın qazpaylayıcı şəbəkəsi olan DESFA şirkətinin səhmlərinin 66%-nin özəlləşdirilməsində israrlıdır.

 

"APA-Economics"in xəbərinə görə, bunu SOCAR prezidenti Rövnəq Abdullayev bildirib.

 

"Biz 66% səhm paketinin alınmasında israrlıyıq və bu məsələdə dəyişiklik gözləmirik", - deyə SOCAR prezidenti qeyd edib.

 

R. Abdullayev qeyd edib ki, bu istiqamətdə Yunanıstanda yeni seçiləcək hökumətlə danışıqlar davam etdiriləcək: "Bildiyimiz kimi, Yunanıstanda seçki gözlənilir. Orada seçiləcək yeni hökumətlə DESFA ilə bağlı danışıqlarımızı davam etdirəcəyik. Sentyabr ayına qədər biz bu danışıqları dondurmuşuq".

 

Qeyd edək ki, avqustun 26-da SOCAR-ın nümayəndə heyəti Yunanıstanın paytaxtı Afinada bu ölkənin Dövlət Əmlakının İdarə Edilməsi Fondunun (Hellenic Republic Asset Development Fund, HRADF) və "Hellenic Petroleum S.A." şirkətinin rəhbərləri ilə görüşüb.

 

Tərəflər SOCAR tərəfindən DESFA-nın özəlləşdirilməsi məsələsini müzakirə edib.

 

Bütün tərəflər DESFA-nın SOCAR tərəfindən özəlləşdirilməsində maraqlı olduqlarını bir daha təsdiqləyib.

 

Tərəflər arasında əldə olunan razılığa əsasən, DESFA-nın SOCAR tərəfindən özəlləşdirilməsi ilə bağlı əməliyyatın müddəti cari ilin dekabrın 21-dək uzadılıb.

 

Xatırladaq ki, DESFA-nın SOCAR tərəfindən özəlləşdirilməsi məsələsinə Avropa Komissiyasının Rəqabət üzrə Baş Direktorluğunda baxılır. 2013-cü il iyulun 31-də Yunanıstanın Dövlət Əmlakının İdarə Edilməsi Fondu (Hellenic Republic Asset Development Fund, HRADF) DESFA qazpaylayıcı şirkətinin 66%-lik səhm paketinin SOCAR tərəfindən 400 mln. avroya alınmasına dair sövdələşməni təqdir edib. 

 

2013-cü ilin dekabr ayında SOCAR ilə Yunanıstanın Dövlət Özəlləşdirmə Fondu və “Petroleum” şirkəti arasında “Səhmlərin Alqı-Satqı Müqaviləsi” və “Səhmdarlar haqqında Müqavilə” imzalanıb. SOCAR DESFA-nın səhmlərinin 31%-ni Yunanıstan hökumətindən, 35%-ni “Hellenic Petroleum SA” şirkətindən alır. DESFA üzərində nəzarətin SOCAR şirkətinə verilməsinə qədər Yunanıstan şirkətinin səhmlər paketinə HRADF tərəfindən nəzarət edilir.

1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR