Bakı. Aqşin Rafiqoğlu - APA-Economics. Bu gün SOCAR-ın prezidenti Rövnəq Abdullayev və şirkət rəhbərliyi İnformasiya Texnologiyaları və Rabitə İdarəsinin ''Qazservisinformatika'' Departamenti üçün yeni alınmış sınaq qurğularına baxış keçiriblər.
“APA-Economics”in məlumatına görə, yeni sınaq qurğuları sisteminin yaranma səbəbləri haqqında məruzə dinlənilib. Bildirilib ki, 2009-cu ildə ölkə üzrə 1 mln. 280 min abonent rəsmən qeydiyyata alınıb. Lakin faktiki olaraq, qaz alan istehlakçıların sayı təxminən 752 min idi. 2011-ci ildə “Azəriqaz” İstehsalat Birliyi tərəfindən respublika ərazisində qaz təchizatı sisteminin yenidən qurulması nəticəsində real qaz alan abonentlərin sayı artaraq, 1 mln. 298 min olub. 2009-cu il səviyyəsinə çatdırılıb və keçilib. Hazırda isə ölkə üzrə təbii qazla təchiz olunan abonentlərin sayı 1 mln. 801 min təşkil edir. Eyni zamanda, 2010-cu ildən etibarən müasir standartlara cavab verən “Smart” tipli sayğacların genişmiqyaslı tətbiqinə başlanıldı, köhnə sayğaclar istifadədən çıxarılıb və bu proseslərlə əlaqədar qaz həcmlərinin düzgün hesablanması, sərf olunan qazın dəqiq uçotunun aparılması, istehlakçıların hüquqlarının daha etibarlı qorunması xüsusi aktuallıq kəsb edib.
Bu məqsədlə departamentin yoxlama qurğularının müasirləşdirilməsinə və istehsal gücünün artırılmasına zərurət yaranıb, odur ki, ən müasir standartlara cavab verən 5 dəst Almaniya istehsalı olan yeni sınaq qurğusu (İTF-2500-1-A, İTF-100-4-6 və 3 dəst İTF 10-12-A-EC) alınaraq Standartlaşdırma, Metrologiya və Patent üzrə Dövlət Komitəsi tərəfindən sertifikatlaşdırılıb və quraşdırılıb. Yeni qurğuların imkanları, iş mexanizmləri haqqında SOCAR prezidentinə məlumat verilib.
Məruzə edilib ki, yeni qurğularının yığcamlığı onların departamentin bazasındakı mövcud stendlərdə quraşdırılmasına imkan verib, əlavə xərclər çəkilməyib. Geniş imkanlara malik yeni qurğular iqtisadi baxımdan səmərəliliyi ilə fərqlənir. Belə ki, İTF-2500-1-A tipli sınaq qurğusunda sayğacları sistemə qoşmaq üçün pnevmoavtomatik sıxaclardan istifadə olunması hazırlıq işlərinə vaxt və əmək sərfiyyatını xeyli azaldır. Yeni nəsil qurğular əvvəlkilərdən fərqli olaraq eyni vaxtda 6 rotor tipli qaz sayğacını sınaqdan keçirmək (kalibrləmək) imkanına malikdir. Təqdim edilən avadanlıqlar arasında məişət sayğaclarını kalibrləmək üçün alınmış 3 dəst İTF 10-12-A-EC tipli sınaq qurğusu xüsusi maraq doğurub. Əhali kateqoriyasına aid abonentlərə xidmət səviyyəsinin yüksəldilməsi üçün nəzərdə tutulan bu qurğu dəstləri həm “Smart” tipli, həm də mexaniki tipli 36 ədəd qaz sayğacını eyni vaxtda sınaqdan keçirə bilir. Qurğular universal proqram təminatı əsasında fəaliyyət göstərir, işçi personal ayrı-ayrı stendlərdə müxtəlif sayğaclarla vahiq proqram əsasında işləyə bilir və bu da servis xidmətini xeyli asanlaşdırır.
Şirkətin idarə və müəssisələrində, o cümlədən ''Qazservisinformatika'' departamentində aparılan yenidənqurma və müasirləşdirmə tədbirlərindən danışan R. Abdullayev yeni qurğuların istifadəyə verilməsini bu istiqamətdə davam etdirilən işlərin növbəti mərhələsi kimi qiymətləndirmiş, əmin olduğunu bildirib ki, yeni qurğular vasitəsilə 2016-cı ildən başlayaraq respublikada istismar olunan məişət və sənaye sayğaclarının ilkin və dövrü dövlət yoxlamalarına olan tələbat tam ödəniləcək. O, neft-qaz sənayesinin inkişafı üçün mühüm əhəmiyyət daşıyan modernləşdirmə tədbirlərinin bundan sonra da davam etdiriləcəyini söyləyib.
Qeyd edək ki, qaz sayğaclarının beynəlxalq standartlara uyğun texniki baxışdan keçirilməsi, ölçmələrin dəqiqliyinin təmin edilməsi, qaz həcmləri barədə informasiyaların hesablanması, istehlakçıların hüquqlarının qorunması sahəsində uğurlu fəaliyyət göstərən ''Qazservisinformatika'' Departamenti ötən dövr ərzində bu istiqamətdə kompleks tədbirlər həyata keçirib, Standartlaşdırma, Metrologiya və Patent üzrə Dövlət Komitəsindən müvafiq sertifikatlar alınıb, avadanlıqlar üzrə texnoloji təlimatlar və müvafiq prosedurlar işlənib hazırlanıb. Departamentin 116 mütəxəssisi Standartlaşdırma, Metrologiya və Patent üzrə Dövlət Komitəsi və SOCAR-ın Təlim, Tədris və Sertifikatlaşdırma İdarəsi tərəfindən təşkil edilmiş kurslarda, eləcə də Türkiyə və Almaniyada təlim keçərək müvafiq sertifikatlar alıb. Qazın fiziki-kimyəvi tərkibini “on-layn” rejimdə təyin etmək məqsədi ilə 21 dəst axın xromatoqrafı alınıb qazpaylayıcı şəbəkənin topologiyasına uyğun surətdə 21 seqmentdə elə quraşdırılıb ki, respublikanın 293 qaz ölçü qovşağını əhatə edir. Götürülən qaz nümunələrinin Bakı şəhərində yerləşən ixtisaslaşdırılmış laboratoriyalarda analızi üçün müvafiq şərait yaradılmış, nümunələrin götürülməsində və analizlərdə insan faktoru aradan qaldırılıb.