Bank Of Baku

SOCAR prezidenti "Petrovyetnam" şirkətinin prezidenti ilə görüşüb

SOCAR prezidenti "Petrovyetnam" şirkətinin prezidenti ilə görüşüb
# 22 aprel 2015 14:40 (UTC +04:00)

Bakı. Aqşin Rafiqoğlu - APA-Economics. Bu gün Azərbaycan Dövlət Neft Şirkətində (SOCAR) Vyetnamın neft-qaz korporasiyası olan “Petrovyetnam”ın prezidenti Khanın başçılıq etdiyi nümayəndə heyəti ilə görüş keçirilib.

 

SOCAR-dan “APA-Economics”ə verilən məlumata görə, Vyetnamlı qonaqlar əvvəlcə SOCAR-ın birinci vitse-prezidenti, akademik Xoşbəxt Yusifzadə ilə görüşərək danışıqlar aparıb, sonra şirkətin prezidenti Rövnəq Abdullayevin qəbulunda olublar.

 

R. Abdullayev Azərbaycanla Vyetnam arasında dostluq münasibətlərinin son illər daha da möhkəmləndiyini, Azərbaycan prezidenti İlham Əliyevin ötən ilin mayında Vyetnama dövlət səfərindən sonra yeni inkişaf mərhələsinə keçdiyini söyləyib. SOCAR prezidenti iki ölkənin neft-qaz şirkətləri arasında əməkdaşlığın yeni mərhələdə Azərbaycan-Vyetnam iqtisadi münasibətlərinin inkişafında mühüm rol oynayacağına əmin olduğunu söyləyib.

 

“Petrovyetnam” şirkətinin prezidenti Khan 30 il əvvəl Bakıda təhsil aldığını, buna görə də səfərindən böyük məmnunluq duyduğunu ifadə edib. O, başçılıq etdiyi nümayəndə heyətinin tərkibində Azərbaycan Dövlət Neft Akademiyasının bir neçə məzununun olduğunu söyləyib, Vyetnamın neft-qaz sənayesinin inkişafında Azərbaycan neftçilərinin mühüm rol oynadığını ilə qeyd edib. Ötən müddətdə Bakının tanınmaz dərəcədə dəyişərək gözəlləşdiyini söyləyən qonaq Azərbaycanın sosial-iqtisadi inkişafı ilə həmişə yaxından maraqlandıqlarını və bu inkişafa sevindiklərini vurğulayıb. O bildirmişdir ki, Vyetnam prezidentinin Azərbaycana səfəri ərəfəsində SOCAR ilə “Petrovyetnam” şirkətləri arasında əməkdaşlığın dərinləşdirilməsi istiqamətində aparılan danışıqlar daha da intensivləşib.

 

Qeyd olunub ki, SOCAR-ın “Neftqazelmitədqiqatlayihə” İnstitutu ilə “Petrovyetnam” şirkəti arasında neft-qaz mühəndisliyi üzrə birgə müəssisənin yaradılması işləri başa çatmaq üzrədir. Bakı Ali Neft Məktəbi ilə Vyetnamın neft-qaz sənayesi üçün kadr hazırlığına dair əməkdaşlıq memorandumu imzalanıb. “Petrovyetnam”ın rəhbəri Azərbaycan və Vyetnamın perspektivli neft-qaz strukturlarının SOCAR-la birlikdə işlənilməsində maraqlı olduqlarını söyləyib.

 

R. Abdullayev şirkətin həyata keçirdiyi qlobal və regional əhəmiyyətli neft-qaz layihələrindən danışıb, qarşıdakı illərdə bir sıra perspektivli strukturların işlənilməyə başlanılacağını qeyd edib. O, bu istiqamətdə əməkdaşlıq üçün böyük perspektivlərin olduğunu, zəruri təhlil və araşdırmaların aparılacağını söyləyib. Görüşdə tərəfləri maraqlandıran digər məsələlər ətrafında da fikir mübadiləsi aparılıb.

1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR