Bakı. Aqşin Rafiqoğlu - APA-Economics. Azərbaycan Dövlət Neft Şirkəti (SOCAR) Rumıniyada yanacaqdoldurma məntəqələri şəbəkəsini genişləndirməkdə davam edir.
SOCAR-dan “APA-Economics”ə verilən məlumata görə, bu gün Sibiu şəhərində istifadəyə verilmiş yanacaqdoldurma məntəqəsi sayca Rumıniyada “SOCAR” brendi altında fəaliyyət göstərən 32-ci YDM-dir.
Açılış mərasimində SOCAR-ın Rumıniya nümayəndəliyi və “SOCAR Petroleum SA” şirkətinin əməkdaşları, Sibiu şəhəri icra hakimiyyəti və yerli dövlət qurumlarının nümayəndələri, KİV təmsilçiləri iştirak ediblər. Geniş torpaq sahəsinə malik YDM-də “Benzin-95”, “Dizel Euro-5” və “Super Dizel” tipli yanacaq məhsullarının satışı həyata keçirilir. Məntəqədə quraşdırılmış 3 sayğac 4 kiçik və 2 böyük avtonəqliyyat vasitəsinin eyni zamanda yanacaqla təmin edilməsinə şərait yaradır.
Qeyd edək ki, SOCAR Rumıniyanın artıq 15 regionunda - Botoşan, Suçeava, Nyamts, İaşi, Bihor, Buzau, Bakau, Vrancea, Timiş, İlfov, Kluj, Valcea, Arad, Bistritsa-Nasaud və Sibiuda yanacaqdoldurma məntəqələrinə malikdir.