Bakı. Aqşin Rafiqoğlu - APA-Economics. Bu gün Azərbaycan Dövlət Neft Şirkəti (SOCAR) Trans-Anadolu (TANAP) qaz boru kəmərinin səhmlərinin maliyyələşdirməsinə başlayacaq.
Bu barədə “APA-Economics” “cistranfinance.com” saytına istinadən məlumat yayıb.
Xatırladaq ki, SOCAR prezidenti Rövnəq Abdullayev daha öncə bildirib ki, TANAP layihəsinin icra olunması üçün vacib olan maliyyə məsələsi tam həll olunub: “TANAP–a ayrılan vəsaitin 58%-ni SOCAR öz üzərinə götürüb. Artıq digər tərəfdaşlar da layihəyə daxil olublar və aprelin 1-dən etibarən öz maliyyələrini bura cəlb etməyə başlayacaqlar. Mütəxəssislərimiz yeni maliyyə mənbələrinin cəlb olunması üzərində işləyirlər. Hətta BP və “Botaş” şirkətləri ilə danışıqlar aparılıb. Layihəni vaxtında başa çatdırmaq və Avropaya qazı tez buraxmaq üçün nağd vəsaitlə layihələşməsini biz həyata keçirdik. İşə başlayandan sonra maliyyələşməni hissə-hissə həyata keçirməyə başlayacağıq”.
SOCAR rəhbəri tenderdə 3 şirkətin qalib gəldiyini və 3 lot üzrə işlərə başlanıldığını deyib: “Türkiyənin Əskişəhər şəhərinə qədər olan 1 380 kilometr məsafədə tender başa çatıb. Bu tenderə görə, birinci lotda olan - Qars vilayətinə qədər olan hissədə iş aparmaq üçün Türkiyənin “Fernas İnşaat A.S.” şirkəti qalib gəlib. Mart-aprel aylarında işə başlamağı planlaşdırdığımız üçün artıq qaz boruları sahələrə daşınır. Aprel ayında ikinci sahədə Azərbaycana məxsus “Akkord” şirkəti işlərə başlayacaq. Üçüncü sahədə isə “TEKFEN İnşaat ve Tesisat A.S” tikinti işlərinə hazırlaşır”.
Türkiyə və Avropa Birliyi ölkələrinin enerji təhlükəsizliyinin təmin edilməsi və təchizatın diversifikasiyası baxımından böyük önəm daşıyan Trans-Anadolu Təbii Qaz Boru Xətti Layihəsi (TANAP) çərçivəsində qonşu ölkəyə ilk qaz nəqlinə 2018-ci ildə başlanılması planlaşdırılır. Başlanğıcda illik 16 mlrd. kubmetr təşkil edəcək nəql həcminin mərhələli surətdə əvvəlcə 24 mlrd. kubmetrə, sonra 31 mlrd. kubmetrə yüksəldilməsi nəzərdə tutulur.
1850 kilometrlik TANAP xətti 2020-ci ilin əvvəlindən etibarən Trans-Adriatik Təbii Qaz Boru Xəttinə (TAP) bağlanaraq, Cənubi Qafqaz Boru Xətti vasitəsilə alacağı təbii qazı Yunanıstan, Albaniya və İtaliya üzərindən Avropaya çatdıracaq. Boru xətti Türkiyə-Gürcüstan sərhədində yerləşən Ərdəhan vilayətindəki Posof mahalının Türkgözü kəndindən başlayaraq Ərdəhan, Qars, Ərzurum, Ərzincan, Bayburt, Gümüşhane, Giresun, Sivas, Yozqat, Kırşehir, Kırıkkale, Ankara, Eskişehir, Bilecik, Kütahya, Bursa, Balıkesir, Çanaqqala, Tekirdağ və Ədirnə olmaq üzrə 20 vilayət, 67 mahal və 600 kənddən keçərək Yunanıstan sərhədində Ədirnənin İpsala mahalında yekunlaşacaq və bu nöqtədən etibarən TAP ilə bağlanacaq. Ötən ilin oktyabr ayında imzalanan Ana Xətt Boruları Satınalma Sözləşmələri çərçivəsində ümumi boru həcminin 80%-nin Türkiyə istehsalçıları tərəfindən tədarük edilməsinə və dekabr ayında imzalanan Quru Sahəsi üzrə Boru Xətti İnşaat Sözləşmələri çərçivəsində boru xəttinin Gürcüstan-Türkiyə sərhədindən Eskişehirə qədər olan 56 düym diametrindəki 1334 kilometrlik hissəsinin üç lot halında, aralarında Türkiyə və Azərbaycan podratçılarının çoxluq təşkil etdiyi şirkətlər tərəfindən inşa edilməsinə qərar verilib.
TANAP $10-11 mlrd. dəyərində qiymətləndirilir.
TANAP layihəsi payçılar arasında səhmlər belə müəyyənləşdirilib: “Cənub Qaz Dəhlizi” şirkəti - 58%, BOTAŞ - 30%, BP - 12%.