Bakı. Aqşin Rafiqoğlu - APA-Economics. Bu gün SOCAR-ın Təlim, Tədris və Sertifikatlaşdırma İdarəsinin Qobustan Regional Təlim Mərkəzində "BP Exploration (Caspian Sea) Limited" şirkətinin davamlı inkişaf təşəbbüsləri layihəsi çərçivəsində SOCAR-la BP arasındakı mövcud sazişin II fazası çərçivəsində Qaradağ rayonunun 40 nəfər gənc sakininin seçilməsi üçün nəzərdə tutulan müsabiqənin növbəti mərhələsi - imtahan proseduru keçirilib.
"APA-Economics" xəbər verir ki, imtahan prosesində texnoloji qurğuların operatoru ixtisası üzrə 13 yer uğrunda 87 nəfər, təmirçi çilingər ixtisası üzrə 13 yer uğrunda 21 nəfər, elektrik avadanlıqlarının təmiri və xidməti üzrə elektrik montyoru ixtisası üzrə 14 yer uğrunda 63 nəfər iştirak edib. Sözügedən ixtisaslar üzrə müraciət edənlərin ümumi sayı ilkin mərhələdə 481 nəfər, ixtisaslar üzrə isə müvafiq olaraq 259, 68, 154 nəfər olub.
Qeyd edək ki, 10 aylıq peşə təlimi proqramı Azərbaycan prezidentinin yeni iş yerlərinin açılması, əmək resurslarının təmin olunması istiqamətində verdiyi tövsiyələrinə uyğun olaraq həyata keçirilir. Proqramın məqsədi Qobustan Regional Təlim Mərkəzində müasir avadanlıqlar, tədris vəsaitləri və simulyator qurğularından istifadə etməklə, ixtisaslı və səriştəli müəllimlərin vasitəsilə gənclərə həmin ixtisasların yüksək səviyyədə öyrədilməsi, habelə SOCAR-ın müəssisələrində onlara istehsalat təcrübəsi aşılanması və onların peşə ixtisaslarına yiyələnmələrinə dəstək verilməsidir.