Bank Of Baku

STAR neft emalı zavodu layihəsi “İlin ən yaxşısı” elan olunub

STAR neft emalı zavodu layihəsi “İlin ən yaxşısı” elan olunub
# 16 dekabr 2015 12:27 (UTC +04:00)

Bakı. Aqşin Rafiqoğlu - APA-Economics. Dünyanın məşhur “Hydrocarbon Processing” jurnalı SOCAR-ın Türkiyədə həyata keçirdiyi STAR neft emalı zavodu layihəsini ilin ən yaxşı layihəsi elan edib.

 

SOCAR-dan “APA-Economics”ə verilən məlumata görə, bu haqda dərc olunmuş məqalədə bildirilir ki, jurnal hər il oxucu rəyləri əsasında ən yaxşı layihələrini müəyyən edir. Hazırda inşası davam etdirilən ən mühüm neft emalı və neft kimyası layihələri 5 fərqli qitədə həyata keçirilir və 44 mlrd. dollardan çox ümumi layihə dəyərinə sahib bu müəssisələr ümumilikdə sutkada 1,5 mln. bareldən çox xammal emal etmək gücünə malikdir.

 

“Hydrocarbon Processing” jurnalının oxucuları 2 ay müddətində 2015-ci ilin ən yaxşı neft emalı və neft kimyası proyektləri arasında seçim aparıb, səsvermə nəticəsində SOCAR-ın Türkiyədəki STAR neft emalı zavodu və Kanadada yerləşən “North West Redwater Partnership’s Sturgeon” Bitum Neft Emalı Zavodu “İlin ən yaxşısı” nominasiyası üzrə qalib adına layiq görülüblər.

 

Qeyd olunur ki, Türkiyənin Petkim yarımadasında gerçəkləşdirilən STAR neft emalı zavodu layihəsi bu yarımada üçün müəyyənləşdirilmiş Value-Site 2023 konsepsiyasına uyğun həyata keçirilir. STAR layihəsi Türkiyənin ilk neft-kimya sənaye parkını yaratmağa dəstək olacaq. İllik 10 milyon ton neft emalı gücünə malik layihənin başlıca məqsədlərindən biri Petkim neft-kimya kompleksini nafta xammalı ilə təmin etməkdir. Bu əlavə xammal Türkiyənin idxaldan asılılığının nəzarət altına alınmasında, eyni zamanda daxili bazarın “Euro-5” standartına uyğun nəqliyyat yanacaqları ilə təmin edilməsində mühüm önəm daşıyır. Neft Emalı Zavodu “Ural”, “Azəri Light” və Kərkük nefti də daxil olmaqla, müxtəlif tipli xam neftləri emal edə biləcək. STAR layihəsi maliyyələşmə proyektinə görə Qlobal Maliyyələşdirmə Konfransının (Global Financial Conference) “İlin Ən Yaxşı Layihə Maliyyələşdirməsi”, “Project Finance International” jurnalının “Neft Emalı Zavoduna Dair İlin Maliyyələşdirmə Müqaviləsi” mükafatlarına və bir sıra başqa mükafatlara layiq görülüb.

 

STAR-ın 2018-ci ilin birinci rübündə tamamlanması nəzərdə tutulur. Zavod istismara verildikdən sonra 1984-cü ildən bəri Türkiyədə tikilən ilk neft emalı müəssisəsi olan STAR ölkənin neft emalı, neft kimyası, enerji-logistika-distribusiya zəncirinin mühüm bir həlqəsini tamamlayacaq.

 

Jurnal digər nominasiya üzrə Kanadanın Sturgeon bölgəsində yerləşən “North West Redwater Partnership’s Sturgeon” Bitum Neft Emalı Zavodunu qalib elan edib. Bu, təxminən son 30 il ərzində Kanadada inşa edilmiş ilk neft emalı zavodu layihəsidir.

1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR