Bakı. Vüsal Nəbiyev - APA-Economics. Sumqayıt Kimya Sənaye Parkına rezidentlər tərəfindən istehsal müəssisələrinin qurulmasına 1 mlrd. manatdan çox investisiyanın cəlb edilməsi nəzərdə tutulub.
“APA-Economics” xəbər verir ki, bunu iqtisadiyyat və sənaye nazirinin müavini Niyazi Səfərov “Azərbaycan Respublikasında sənayenin inkişafına dair 2015-2020-ci illər üçün Dövlət Proqramının icrası: sənaye parkları və sənaye məhəllələri” mövzusunda keçirilən konfransda çıxışı zamanı bildirib.
Nazir müavini əlavə edib ki, Qaradağ Sənaye Parkının rezidenti olan "Bakı Gəmiqayırma" MMC tərəfindən dəyəri 40 mln. dollar olan yarımdalma qazma qurğusunun tikintisi başa çatdırılaraq təhvil verilib. "Hazırda 400 milyon dollar dəyərində sifarişlər verilib və bu sifarişlərin icrası istiqamətində işlər davam etdirilir", - deyə N. Səfərov bildirib.