Bakı. Aynur Əliyeva - APA-Economics. Azərbaycanda hasil olunan təbii qazı Türkiyəyə nəql edəcək Trans-Anadolu qaz boru kəməri (TANAP) layihəsində əsas polad boru kəmərlərinin tədarükünə dair tender təxirə salınıb.
“APA-Economics”in Türkiyə mətbuatına istinadən verdiyi məlumata görə, layihədəki şirkətlərin tələbi əsasında tenderin tarixi martın 31-dən aprelin 14-nə keçirilib.
Belə ki, polad boru tədarükçülərinin müəyyənləşdirilməsi ilə əlaqədar 2013-cü il iyulun 19-da xarici və daxili örtüklü boruların hazırlanması və tədarükü üzrə təsnifat öncəsi tender elan edilib. Bu tenderdə 23 şirkət iştirak edib. Bu il yanvarın 30-da qiymətləndirmə işlərini yekunlaşdıran konsorsium əsas polad boru kəmərlərinə dair tenderə dəvət ediləcək 18 şirkəti müəyyənləşdirib. Bununla bağlı TANAP boru tenderinin martın 31-də keçiriləcəyi açıqlanıb.
TANAP-dan bildirilib ki, 56 düym borular üçün 16, 18 düym borular üçün 18 şirkət qəbul edilib, həmin şirkətlərə təkliflərin nəzərdən keçirilməsi üçün sorğu göndərilib. Təsnifat öncəsi şirkətlər arasında 3-ü konsorsium olmaqla, 6 türk şirkəti yer alıb.
Təkliflər hazırlandıqdan sonra TANAP-ın Tender Komissiyası öncədən müəyyən edilmiş və təsdiq olunmuş Bid Opening and Evaluation Procedure (Tenderin Açılması və Dəyərləndirə proseduru) əsasında təklifləri dəyərləndirəcək. Daha sonra isə hesabat hazırlayacaq. Bu sənəd layihə tərəfdaşlarının iştirakı ilə yaradılan TANAP Razılaşmalar Komitəsi tərəfindən ikinci dəfə dəyərləndirilməyə təqdim olunacaq. Növbəti mərhələdə isə təsdiqlənməsi üçün Direktorlar Şurasına ötürüləcək.