Bakı. Yeganə Laçınzadə - APA-Economics. Trans-Adriatik Boru Kəməri (TAP) Albaniyada giriş yollarının və körpülərin tikintisi və yenidən qurulması üçün podratçı şirkətləri seçib.
TAP-dan “APA-Economics”ə verilən xəbərə görə, podratçı şirkətlər qismində “Gener 2 Sh.p.k.” və “Sicilsaldo S.p.A.” şirkətləri çıxış edir.
Məlumatda qeyd olunub ki, Albaniyada giriş yollarının və körpülərin tikintisi TAP-ın 2016-cı ildə tikiləcək boru kəmərinin inşasına hazırlığı üçün həlledici addımdır.
Müqavilə boru kəmərinin Korca, Berati və Fier regionundan keçən marşrutlar üzrə uzunluğu 100 km-dən çox olan yolların tikintisi və yenidən qurulması, bu üç regionda iki yeni körpünün tikintisi və təxminən 50 mövcud körpünün yenidən qurulmasını nəzərdə tutur.
İşlərin 2015-ci ilin ikinci rübündə başlayacağı gözlənilir.
Qeyd edək ki, birgə müəssisəyə bu sahədə 20 ilə qədər təcrübəsi olan Albaniyanın Tikinti və İnkişaf şirkəti olan “Gener 2 Sh.p.k.” rəhbərlik edir. Şirkət bu günə qədər layihələndirmə və dizayn, idarəçilik, əlaqələndirmə, müxtəlif özəl və dövlət tərəfindən maliyyələşdirilən tikinti işləri ilə bağlı bir çox layihələr həyata keçirib. “Sicilsaldo S.p.A.” isə neft-qaz sektorunda layihələndirmə, satış və tikinti xidmətlərini həyata keçirən İtaliya şirkətidir.