Bakı. Aynur Əliyeva - APA-Economics. Trans-Adriatik boru kəməri (TAP) layihəsi üzrə konsorsium boru kəmərinin Yunanıstan və Albaniyada kompressor stansiyaları üçün növbəti tenderini elan edib.
TAP-dan “APA-Economics”ə daxil olan məlumata görə, iki kompressor stansiyasından biri Yunanıstanda, digəri isə Albaniya üçün nəzərdə tutulub.
Yunanıstanda tenderə dəvət kompressor stansiyasında mühəndislik, layihələndirmə, tədarük, tikinti və Kipoidə kompressor stansiyasının istismara verilməsini nəzərdə tutur. Albaniyada isə tenderə dəvət mühəndislik, layihələndirmə, tədarük, Fieridə bir kompressor stansiyasının, Billiştdə isə ölçmə-müşahidə stansiyasının tikintisi və istismara verilməsini əhatə edir. Ölçmə-müşahidə stansiyası TAP-ın Yunanıstan hissəsindən gələcək təbii qazın ölçməsi üçün nəzərdə tutulub.
Qeyd edək ki, TAP-ın tikinti işlərinə 2016-cı ildə başlanılması planlaşdırılıb. TAP kompressor stansiyaları ilə bağlı müqaviləyə dair qərarı 2015-ci ilin ikinci yarısında qəbul edəcək. TAP Albaniya və Yunanıstanda kompressor stansiyalar üçün turbokompressor hissəciklərin tədarükü, habelə Yunanıstan, Albaniya və İtaliya üçün böyük diametrli kürə kranlarının tədarükünə dair növbəti tenderə dəvətin isə 2014-cü ilin dördüncü rübü çərçivəsində həyata keçirilməsini planlaşdırılır.