Bank Of Baku

Tiflisdə Cənubi Qafqazda Regional Elektrik Enerjisi üzrə Əməkdaşlıq görüşü keçirilib

Tiflisdə Cənubi Qafqazda Regional Elektrik Enerjisi üzrə Əməkdaşlıq görüşü keçirilib
# 02 iyul 2015 11:46 (UTC +04:00)

Bakı. Aqşin Rafiqoğlu - APA-Economics. Gürcüstanın Enerji Xartiyasına sədrliyi çərçivəsində Tiflisdə Cənubi Qafqazda Regional Elektrik Enerjisi üzrə Əməkdaşlıq görüşü keçirilib.

 

Azərbaycan Energetika Nazirliyindən “APA-Economics”ə verilən məlumata görə, Enerji Xartiyası müqaviləsinə əsasən, Şərq-Qərb, Şimal-Cənub Elektrik Dəhlizlərinin, regional elektrik enerjisi ticarətinin hüquqi, tənzimləyici və texniki çərçivəsinin yaradılması, elektrik enerjisi istehsalı mənbələrinə və transsərhəd enerji infrastrukturlarına sərmayə qoyuluşu məsələlərinin müzakirə edildiyi toplantıda Azərbaycan energetika nazirinin müavini Natiq Abbasov da  iştirak edib.

 

Xatırladaq ki, Azərbaycan ərazilərinin Ermənistan silahlı birləşmələri tərəfindən işğal altında saxlanması ilə əlaqədar olaraq, Enerji Xartiyası təşkilatının irəli sürdüyü əməkdaşlıq konsepsiyası iki – Şərq-Qərb (EWEC) və Şimal-Cənub (NOSEC) istiqamətləri üzrə işlənib. Şərq-Qərb istiqamətinə Azərbaycan, Türkiyə, Türkmənistan və Gürcüstan, Şimal-Cənub istiqamətinə isə İran, Ermənistan, Gürcüstan və Rusiya daxildir.

 

Hər iki istiqamət üzrə işçi qruplarının toplantısı birgə baş tutub. Tədbirdə çıxış edən N. Abbasov Azərbaycanın regionda ilk dəfə olaraq enerji dəhlizini (BTC, BTƏ) yaratdığını diqqətə çatdıraraq bildirib ki, Rusiya, Gürcüstan, Türkiyə və İranla elektrik enerjisi sahəsində əməkdaşlıq yüksək səviyyədədir: “Azərbaycan bütün ölkələrlə milli və dövlət maraqlarına söykənən müqavilə və sazişlər əsasında ikitərəfli qaydada əməkdaşlığa üstünlük verir. Ölkəmizin müstəqillik əldə etdiyi gündən keçdiyi yola nəzər salaraq, qeyd etmək istərdim ki, dövlətin məhz bu cür siyasəti özünü həmişə doğruldur”.

 

N. Abbasov “Azərbaycan-Gürcüstan-Türkiyə enerji körpüsü layihəsi” çərçivəsində 500 kV-luq Samux-Qardabani, Gürcüstanı Türkiyə ilə birləşdirən 400 kV-luq yüksək gərginlikli elektrik xəttlərinin çəkilməsini və "Qara dəniz ötürmə şəbəkəsi layihəsi" çərçivəsində 500/400/220 kV-luq "Axaltsixe" yarımstansiyasını xatırladaraq deyib ki, bütün bunlar enerji dəhlizinin artıq  mövcudluğundan xəbər verir. Ona görə də, hazırkı geosiyasi vəziyyətdə, xüsusilə də Ermənistanın işğalçılıq siyasətini davam etdirdiyi bir şəraitdə Şərq-Qərb, Şimal-Cənub Elektrik Dəhlizlərinin Gürcüstanda şəbəkəyə çevrilməsi məsələsini müzakirəyə çıxarmağa ehtiyac yoxdur. Sadalanan həm  bu amillər, həm də iqtisadi nöqteyi-nəzərdən  belə dəhlizlərdən ibarət şəbəkənin yaradılmasının səmərəsizliyi  bu mövzunun gündəlikdən çıxmasını zəruri edir.

 

Beləliklə, Azərbaycan nümayəndə heyətinin səyi nəticəsində  “Cənubi Qafqazda Transsərhəd Elektrik Enerjisi Əməkdaşlığının Təşviqi haqqında Tiflis Bəyannaməsi” müzakirədən çıxarılıb.

 

Qeyd edək ki, Azərbaycan 20 ildir  müstəqil enerji siyasətini həyata keçirir və bu siyasət bütün ölkələrlə ikitərəfli münasibətlərə, hökumətlərarası sazişlərə və alqı-satqı müqavilələrinə əsaslanır. Bütün əməkdaşlıq münasibətlərində Azərbaycan dövlətinin milli maraqları əsas tutulur. 

1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR