Bakı. Aqşin Rafiqoğlu - APA-Economics. Xəzər dənizinin Azərbaycan sektorundakı “Abşeron” qaz-kondensat yatağının işlənməsi layihəsinin uğuru Fransanın “Total” şirkətinin Azərbaycanda başqa dəniz hasilat layihələrində iştirakına imkan yarada bilər.
“APA-Economics”in məlumatına görə, bunu “Total E&P Azerbaijan” şirkətinin rəhbəri Deni Lemarşal “The Business Year” jurnalına müsahibəsində bildirib.
Onun sözlərinə görə, şirkətin Azərbaycanda işinin məhdud olmasına baxmayaraq, “Abşeron” layihəsi çox yaxşı perspektivlərə malikdir: “Bu, böyük investisiya tələb edən iri layihədir. Əgər Azərbaycan Dövlət Neft Şirkətinin (SOCAR) təsdiq edəcəyi yaxşı inkişaf planı hazırlaya bilsək, “Abşeron” layihəsinin və digər dəniz layihələrinin sonrakı mərhələlərinin reallaşdırılması məntiqi davamı olacaq”.
D. Lemarşal bildirib ki, şirkətin 2014-cü ildə fəaliyyətinin əsas məqsədi “Abşeron”un inkişaf proqramının hazırlanması olub: “Proqramın 2015-ci ilin ortalarında baxılmaq üçün SOCAR-a təqdim edilməsi planlaşdırılıb”.
2021-ci ildə yataqdan qaz hasilatına və bununla bağlı işlərə başlanmasından danışarkən “Total E&P Azerbaijan”ın rəhbəri deyib ki, layihənin reallaşdırılmasının sürətləndirilməsinin bir neçə variantı var. Layihənin sürətlənməsinin birinci şərti hazırda SOCAR-ın ikinci qazma qurğusunun tikintisini gözləmədən şəxsi ehtiyaclar üçün inşa etdiyi yeni nəsil qazma qurğusundan istifadə ola bilər. Yeni qazma qurğusu artıq 2017-ci ilin əvvəlində istismara verilə bilər. Layihənin həyata keçirilməsinin sürətlənməsinə təsir edəcək digər amil SOCAR-ın Azərbaycanda inşa etməyi planlaşdırdığı neft və qaz emalı və qaz-kimya məhsullarının istehsalı üzrə yeni kompleks ola bilər”.
D. Lemarşalın qeyd edib ki, şirkətin hədəfi Azərbaycanın neft-qaz sektorunda mühüm oyunçu olmaqdır: “Bizim “Abşeron” layihəmiz var və ümid edirəm ki, bu istiqamətdə irəliləmək üçün gələcəkdə başqa imkanlarımız da olacaq”.