Bakı. Aynur Əliyeva – APA-Economics. Rusiyanın “Qazprom” şirkəti Türkiyə ilə “Cənub axını” layihəsini əvəz edəcək “Türk axını” layihəsinin əsas parametrləri haqqında razılığa gəlib.
“APA-Economics”in Rusiya mətbuatına istinadən verdiyi məlumata görə, ötən gün “Qazprom”un rəhbəri Aleksey Miller ilə Türkiyənin energetika naziri Taner Yıldız arasında keçən görüşün nəticələrinə əsasən, əvvəllcə “Cənub axını” layihəsi üçün seçilmiş dəhlizdə Qara dənizin dibi ilə keçən “qərb” marşrutu, yəni dəniz hissəsinin son 250 kilometrdən istiqamətini Bolqarıstana deyil, Türkiyəyə dönməsi seçilib. Boru kəməri Türkiyənin quru hissəsində çıxacaq. Bununla da, Ankaranın təkid etdiyi variant seçilib.
Məlumata görə, “Qazprom” artıq bu gündən etibarən Türkiyə hakimiyyətinə dəniz hissəsinin son 250 kilometrinin çəkilməsi ilə əlaqədar tədqiqatların aparılması üçün sorğu göndərəcək.
Quruya çıxdıqdan sonra isə qaz kəməri Yunanıstanla sərhədə qədər uzadılacaq (əlavə 250 km), bu hissəni isə “Qazprom” və Türkiynin “Botas” şirkəti birgə tikəcək. Hələlik onların paylarının nisbəti müəyyənləşdirilməyib. “Qazprom” dəniz hissəsinə aid boruları özü inşa etmək niyyətindədir.
Bir həftə ərzində tərəfdaşlar layihənin əsas mərhələlərinin plan-qrafikini hazırlayacaqlar. “Qazprom” gücü ildə 15, 75 mlrd. kubmetr təşkil edəcək borunun ilk xəttini 2016-cı ilin dekabr ayında Türkiyəyə gətirməyi planlaşdırır. İlkin mərhələdə bu boru kəməri ilə nəql olunan qazın bütün həcmi Türkiyə istehlakçıları üçün nəzərdə tutulub.
Bu isə o deməkdir ki, layihə uğur qazanacağı halda Ukrayna vasitəsilə qazın nəqli artıq 2017-ci ildən dörddə birə düşəcək. “Qazprom” 2020-ci ilə kimi Ukrayna vasitəsilə qazın nəqlini dayandırmaq niyyətindədir. Bundan sonra Rusiya qazı Avropaya Türkiyə üzərindən nəql etməyi düşünür. Bu planın əsas problemi qazın Avropada ötürülmə məntəqələrinin müəyyən edildiyi Avropa istehlakçıları ilə uzunmüddətli müqavilə şərtləridir. İndi Balkan yarımadasında Rusiya qazının Türkiyədən bu məntəqələrə çatmasına şərait yaradan boru kəməri obyektləri mövcud deyil. Lakin ildə 6 mlrd. kubmetr Rusiya qazı istehlak edən Macarıstan ötən gün bildirib ki, qazın ən azı yarısının Türkiyədən alınmasına dair danışıqlara başlamağa hazırdır.
Paralel olaraq Rusiya şirkəti “Botas” üçün qazın qiymətində endirimlər, habelə Türkiyənin azad idxalçıları üçün yeni qiymət haqda danışıqlar aparır. Lakin dekabr ayında Rusiya prezidenti Vladimir Putin 6% endirim vəd etmişdi, Türkiyə tərəfi isə 15% endirim edilməsini istəyirdi. Neftin qiymətinin düşməsi ilə əlaqədar olaraq üçüncü rübə Türkiyə üçün qazın qiyməti istənilən halda 20%-dan da çox ucuzlaşacaq. “Qazprom” “Botas” üçün ortaillik qiyməti qazın hər min kubmetrinə görə 330 dollar səviyyəsində saxlamaq istədiyini deyib. Türkiyə tərəfi isə qazın hər min kubmetrinə görə qiymətin 300 dollara yaxın həddə olmasına təkid edir.