Ucar . Zahid Abışov - APA. Ucarda elektrik enerjisinin verilişində problem yaranıb. APA-nın yerli sakinlərə istinadən verdiyi xəbərə görə, bu gün səhər saatlarından rayonun bir necə yaşayış məntəqəsinə enerjinin verilişi dayandırılıb. Sakinlər bu cür halların tez-tez baş verdiyini və bu səbəbindən problemlə üzləşdiklərini deyirlər.
Daha bir problem ondan ibarətdir ki, sakinlər vergi və kommunal xidmət haqlarını yerli poçt şöbəsinə ödəyən zaman elektrik enerjisinin kəsilməsi səbəbindən sistemdə nasazlıq yaranır və bu səbəbdən abonentlər qəbzlərini ala bilmirlər.
Bununla yanaşı, bu, məişətdə də bir sıra problemlərin yaranmasına səbəb olur.
Ucar Elektrik Şəbəkəsinin Boyat yarımstansiyasından APA-ya verilən məlumata görə, elektrik enerjisinin verilişində son həftə ərzində 3 dəfə qısa fasilə yaranıb: "Bu, naqillərdə yaranan problemlə bağlı olub. Bu gün səhər saat 09:00 radələrindən isə rayonun Boyat, Bağman, Şilyan və Qazyan kəndinin bir hissəsinə enerjinin verilişi müvəqqəti dayandırılıb. Buna səbəb isə 35 kilovoltluq hava xəttində yaranmış problemdir. Hal-hazırda problemin aradan qaldırılması istiqamətində lazımı tədbirlər görülür".