Azərbaycan Dövlət İqtisad Universiteti (UNEC) 2016-2020-ci illər üzrə “Azeri Light” markalı neftin dünya bazar qiymətini proqnozlaşdırıb.
UNEC-in Marketinq və Kommersiya Departamentindən “APA-Economics”ə verilən məlumata görə, ekonometrik modelləşdirmədə neftin qiymətinə təsir edən amillər nəzərə alınıb.
Bunların elmi-texniki tərəqqi, enerji daşıyıcılarının alternativ mənbələrinin kəşfi, ehtiyatların dəyişməsi, yeni neft yataqlarının kəşfi, iqlim şəraiti, o cümlədən günəş aktivliyinin dəyişməsi, dünya ÜDM-nin artımı (o cümlədən ABŞ, Çin, Hindistanda ÜDM artımı), hərbi konfliktlər, maliyyə strukturlarında spekulyativ əməliyyatlar, İran üzərindən neft ixracına qoyulan qadağaların aradan qaldırılması, ABŞ-ın öz neftinin ixracına qoyduğu qadağanın aradan qaldırması və s. olduğu bildirilib. Tədqiqat SOCAR-ın sifarişi əsasında yerinə yetirilib.
UNEC-in proqnozuna görə, “Azeri Light” markalı neftin 2016-cı il üçün orta müddətli dövr üçün dünya bazarında minimal qiyməti 34 dollar, orta qiyməti 49,5 dollar, maksimal qiyməti isə 57 dollar təşkil edə bilər. 2017-ci ildə Azərbaycan neftinin minimal qiyməti 48 dollar, orta qiyməti 65 dollar, maksimal qiyməti isə 81 dollar ola bilər.
Universitetin proqnozuna görə, 2018-ci ildə “Azeri Light” neftinin orta qiyməti 67 dollar, orta qiyməti 80,3 dollar, maksimal qiyməti isə 94 dollar təşkil edəcək. 2019-cu ildə yerli neftin minimal qiyməti 62 dollar, orta qiyməti 76 dollar, maksimal qiyməti isə 79 dollar təşkil edə bilər.
Proqnozlara görə, 4 ildən sonra, yəni 2020-ci ilin sonuna Azərbaycan neftinin minimal qiyməti 45 dollar, orta qiyməti 72 dollar, maksimal qiyməti isə 98 dollar təşkil etməlidir.