Bakı. Aynur Əliyeva – APA-Economics. “Azərenerji”nin “Xırdalan” elektrik şəbəkəsində (EŞ) istehlakçıların elektrik enerjisi təchizatının daha da yaxşılaşdırılması məqsədilə transformator məntəqələrində və elektrik verilişi xətlərində (EVX) son üç ay ərzində təmir-bərpa işləri həyata keçirilib.
“Azərenerji”nin mətbuat xidmətindən “APA-Economics”ə verilən məlumata görə, ASC-nin Enerji Təchizat İdarəsindən bildirilib ki, burada dayanıqlığın daha da möhkəmləndirilməsi üçün bir sıra müxtəlif təyinatlı yenidənqurma işləri görülüb.
Eyni zamanda əsas və yardımçı elektrik avadanlıqları təmir edilib, yaxud yeniləri ilə əvəz edilərək istifadəyə verilib. Buradakı təmir işlərinə transformator yağlarının əlavə edilməsi, müxtəlif sayda farfor izolyatorların metal hissə ilə qoyulması, müxtəlif gücdə transformatorların daha güclüsü ilə əvəz edilməsi daxildir.
Qeyd edək ki, burada 2014-cü ilin may ayında keçirilmiş reydlər zamanı 140- dan artıq istehlakçının elektrik enerjisindən istifadə qaydalarını pozması faktı aşkar edilərək 1 mln. 505,4 min kilovat/saatdan artıq itirilmiş elektrik enerjisinin 90,3 min manatdan çox istehlak dəyəri bərpa edilib. Hesabat ayında həmin bu məbləğin 35%-ə yaxın hissəsinin ödənişi təmin edilib. Bu ilin ötən 5 ayı ərzində isə müəssisə üzrə 960 qayda pozuntusu faktı aşkar edilərək, 23 mln. 456,7 min kilovat/saata yaxın itirilmiş elektrik enerjisinin 207,4 min manatdan artıq istehlak dəyəri bərpa edilib. Həyata keçirilmiş müvafiq tədbirlər nəticəsində həmin bu məbləğin 55%-dən artıq hissəsinin ödənişi təmin edilib və qalan hissənin ödənilməsi istiqamətində isə müvafiq tədbirlər həyata keçirilir.
Məlumata görə, müəssisənin xidməti ərazisində bu ilin may ayında 30,2 mln. kilovat/saatdan artıq elektrik enerjisi istehlak edilib ki, onun da 9,5 mln. kilovat/saatdan çoxu daimi əhali istehlakçılar qrupuna aiddir. Nəticədə 2013-cü ilin eyni dövrü ilə müqayisədə ümumi istehlak 3,5 mln. kilovat/saatdan çox artıb, daimi əhali istehlakçılar qrupunda isə istehlak 147 min kilovat/saatdan çox azalıb. Eyni zamanda ümumi ödəniş ötən ilin eyni dövründəki göstərici ilə müqayisədə mütləq 19%-ə yaxın, daimi əhali istehlakçılar qrupunda isə mütləq 7%-ə yaxın artıb.
Qeyd edək ki, bu ilin 5 ayı ərzində isə müəssisənin xidməti ərazisində ümumilikdə 186,9 mln. kilovatsaata yaxın elektrik enerjisi istehlak edilib. Bu da ötən ilin müvafiq dövrü ilə müqayisədə 19,8 mln. kilovatsaat çoxdur. Ödəniş isə ötən ilin müvafiq dövründəki göstərici ilə müqayisədə mütləq 16%-dən çox artıb. O cümlədən daimi əhali istehlakçılar qrupu üzrə isə istehlak ötən ilin müvafiq dövrü ilə müqayisədə 3,4 mln. kilovatsaata yaxın artaraq 76,4 mln. kilovat/saatdan çox olub. Ödənişdə mütləq artım isə 12%-dən artıq olub.