2018-ci ilin yanvar ayında 3,9 mlrd. manatlıq və ya əvvəlki ilin müvafiq ayı ilə müqayisədə 1,5% çox sənaye məhsulu istehsal edilib.
Dövlət Statistika Komitəsindən “APA-Economics”ə verilən xəbərə görə, sənayenin qeyri-neft sektorunda məhsul istehsalı 8,7% artıb, neft sektorunda isə eyni səviyyədə qalıb.
Sənaye məhsulunun 75,9%-i mədənçıxarma sektorunda, 19,1%-i emal sektorunda, 4,5%-i elektrik enerjisi, qaz və buxar istehsalı, bölüşdürülməsi və təchizatı sektorunda, 0,5%-i isə su təchizatı, tullantıların təmizlənməsi və emalı sektorunda istehsal olunub.
Mədənçıxarma sektorunda neft hasilatı 0,2%, əmtəəlik qaz hasilatı isə 5,9% azalıb.
Emal sektorunda tütün məmulatlarının istehsalı 2,8 dəfə, toxuculuq sənayesi məhsullarının istehsalı 73,9%, dəri və dəri məmulatlarının, ayaqqabıların istehsalı 3,2 dəfə, poliqrafiya məhsullarının istehsalı 3,3%, əczaçılıq məhsullarının istehsalı 3,1 dəfə, tikinti materiallarının istehsalı 22,2%, hazır metal məmulatlarının istehsalı 81,5%, mebel istehsalı 8,0% artıb, qida məhsullarının istehsalı 1,0%, içkilərin istehsalı 24,8%, geyim istehsalı 52,3%, ağacın emalı və ağacdan məmulatların istehsalı 20,9%, kağız və karton istehsalı 17,6%, kimya sənayesi məhsullarının istehsalı 1,3%, rezin və plastik kütlə məmulatlarının istehsalı 28,3%, metallurgiya sənayesi məhsullarının istehsalı 3,8%, kompüter və elektron məhsulların istehsalı 23,2%, elektrik avadanlıqlarının istehsalı 22,3%, maşın və avadanlıqların istehsalı 29,0%, sair nəqliyyat vasitələrinin istehsalı 67,1%, maşın və avadanlıqların quraşdırılması və təmiri işləri isə 6,0% azalıb.
Elektrik enerjisi, qaz və buxar istehsalı, bölüşdürülməsi və təchizatı sektorunda istehsalın həcmi 0,2%, su təchizatı, tullantıların təmizlənməsi və emalı sektorunda isə 5,2% azalıb.