Bu ilin iyulun 10-da SOCAR-ın prezidenti Rövnəq Abdullayev Yaponiya-Azərbaycan İqtisadi Komitəsinin həmsədri, “ITOCHU” Korporasiyasının prezidenti Keita İşinin başçılıq etdiyi nümayəndə heyəti ilə görüş keçirilib.
SOCAR-dan “APA-Economics”ə verilən məlumata görə, görüş zamanı R. Abdullayev “ITOCHU” ilə SOCAR-ın uzunmüddətli əməkdaşlıq əlaqələrindən danışıb, bu əlaqələrin inkişafı üçün geniş imkanlar olduğunu bildirib.
Görüş zamanı“ITOCHU”nun prezidenti Keita İşi SOCAR-la bütün istiqamətlərdə və formatlarda əməkdaşlıqda maraqlı olduqlarını söyləyib.
Məlumata əsasən, SOCAR-ın prezidenti Azərbaycanda xarici investisiyanın qorunması üçün yaradılan şəraitdən ətraflı bəhs edib, yapon şirkətlərinin ölkəmizin neft-qaz sektorunda iştirakını yüksək qiymətləndirib.
Xatırladaq ki, Yaponiyanın “ITOCHU” şirkəti “Əsrin kontraktı” çərçivəsində “Azəri-Çıraq-Günəşli” neft-qaz yatağının işlənilməsi, daha sonralar isə Bakı-Tbilisi-Ceyhan neft kəməri layihəsində və SOCAR-ın Türkiyədə inşa etdiyi STAR neft emalı zavodunun tikintisində iştirak edib.