Azərbaycan və Böyük Britaniya arasında Dublində keçirilən Avropa Siyasi Birliyi Zirvə Toplantısı çərçivəsində strateji tərəfdaşlığın elan edilməsi iki ölkə arasındakı münasibətlərin xarakterinin mühüm təsdiqi olmaqla yanaşı, əməkdaşlığın daha yüksək səviyyəyə çatdırılması üçün mövcud potensialın göstəricisidir.
APA xəbər verir ki, bunu Beynəlxalq Münasibətlərin Təhlili və Multikulturalizm Mərkəzinin (AIR Center) məsləhətçisi Hüseyn Sultanlı bildirib.

Onun sözlərinə görə, Azərbaycan-Böyük Britaniya münasibətləri uzun müddətdir strateji xarakter daşıyır və bu əməkdaşlığın təməli Azərbaycanın müstəqilliyini bərpa etməsindən dərhal sonra enerji sektorunda qoyulub.
“İki ölkə liderinin görüşündə də qeyd olunduğu kimi, Azərbaycan və Böyük Britaniya arasında münasibətlər xeyli müddətdir strateji xarakter daşıyır. Əməkdaşlığın əsasını təşkil edən enerji əlaqələri müstəqilliyimizin ilk illərində formalaşıb. Sonrakı dövrdə, xüsusilə BP şirkətinin mühüm rolu nəticəsində Britaniya biznesinin Azərbaycandakı fəaliyyəti genişlənib. Böyük Britaniya ardıcıl olaraq Azərbaycana ən çox birbaşa xarici investisiya yatıran ölkə olub və indiyədək sərmayələrin ümumi həcmi 39 milyard dolları ötüb”, – ekspert vurğulayıb.
H. Sultanlı qeyd edib ki, iki ölkə arasında siyasi iradə hər zaman yüksək səviyyədə olsa da, son illərdə ikitərəfli əməkdaşlığın gündəliyi əhəmiyyətli dərəcədə genişlənib.
“Bunun əsas səbəblərindən biri Ticarət və İqtisadi Əməkdaşlıq üzrə illik Hökumətlərarası Komissiya kimi institusional mexanizmlərin fəaliyyəti nəticəsində yaranmış dinamika, digəri isə tərəflərin maraqlarının getdikcə daha çox üst-üstə düşməsidir. Hər iki ölkə beynəlxalq hüququn və BMT Nizamnaməsinin prinsiplərinin qətiyyətli tərəfdarıdır. Böyük Britaniyanın Azərbaycan və Ermənistan arasında münasibətlərin suverenlik və ərazi bütövlüyü prinsipləri əsasında normallaşdırılmasını dəstəkləməsi xüsusi əhəmiyyət daşıyır”, – o bildirib.
Ekspert xatırladıb ki, Böyük Britaniyanın dövlət naziri Stiven Dautinin 2025-ci ilin avqustunda regiona səfəri Londonun bu məsələdə mövqeyini və regionla bağlı baxışını bir daha təsdiqləyib.
“Azərbaycan bu cür tərəfdaşlara xüsusi önəm verir. Strateji Bəyannamədə "etimad" və "açıqlıq" prinsiplərinin vurğulanması məhz bu reallığı əks etdirir. Həmin prinsiplər illər ərzində iki ölkə arasında əməkdaşlığın qorunub saxlanılmasında mühüm rol oynayıb”, – H. Sultanlı əlavə edib.
O bildirib ki, 2025-ci ilin avqustundan etibarən ikitərəfli münasibətlərdə müşahidə olunan irəliləyişlər tərəflərin əməkdaşlığı yeni mərhələyə yüksəltmək zərurətini və imkanlarını daha aydın dərk etdiyini göstərir.
“Böyük Britaniyanın Azərbaycana daimi əsasda fəaliyyət göstərən müdafiə attaşesi təyin etməsi müdafiə sahəsində əməkdaşlığa yeni dinamika qazandırıb. Hazırda müvafiq qurumların nümayəndələri arasında müntəzəm təmaslar həyata keçirilir və əməkdaşlıq illik fəaliyyət planları əsasında inkişaf etdirilir”, – ekspert bildirib.
H. Sultanlının sözlərinə görə, regional bağlantıların inkişafı, xüsusilə Böyük Britaniyanın Orta Dəhlizin inkişafına göstərdiyi maraq əməkdaşlığın perspektivli istiqamətlərindən biridir.
“Britaniya şirkətlərinin nəqliyyat, logistika və infrastruktur layihələrində malik olduğu təcrübə regionda formalaşan yeni reallıqlarla tam uyğunluq təşkil edir. Bu reallıqlar getdikcə daha çox əməkdaşlıq və davamlı investisiyalar əsasında formalaşır. Böyük Britaniya artıq regionda mühüm layihələrə maliyyə dəstəyi göstərmək təcrübəsinə malikdir. 2026-cı ilin oktyabrında Azərbaycana səfəri zamanı Böyük Britaniyanın dövlət naziri Anas Sarvar tərəfindən ölkənin ixrac kreditləri agentliyinin (UK Export Finance) regionla əməkdaşlığı davam etdirmək niyyətinin təsdiqlənməsi də bunun göstəricisidir”, – deyə o qeyd edib.
Ekspert təhsil sahəsinin də Azərbaycan-Böyük Britaniya münasibətlərində mühüm yer tutduğunu vurğulayıb.
“Birgə Bəyannamədə iki ölkə arasında konstruktiv münasibətlərin formalaşmasında insanlararası əlaqələrin xüsusi rolu qeyd olunur. Böyük Britaniya universitetləri azərbaycanlı tələbələrin ən çox üstünlük verdiyi ali təhsil müəssisələri sırasında qalmaqda davam edir. Buna görə də universitetlər və elmi tədqiqat sahələrində daha konkret əməkdaşlığın inkişaf etdirilməsi ilə bağlı öhdəliklər böyük əhəmiyyət daşıyır. Bu istiqamətdə atılacaq addımlar qarşıdakı illərdə ikitərəfli münasibətlərin inkişaf dinamikasının qorunmasına kömək edəcək”, – deyə H.Sultanlı bildirib.
Onun fikrincə, Azərbaycan-Böyük Britaniya münasibətləri müxtəlif regionları təmsil edən iki dövlətin davamlı siyasi iradə və praktiki əməkdaşlıq vasitəsilə səmərəli tərəfdaşlıq modeli formalaşdıra biləcəyinin nümunəsinə çevrilir.
“İki ölkənin münasibətlərdə mövcud potensialı dərk etməsi, eləcə də qlobal geosiyasi qeyri-sabitlik siyasi qərar qəbul edən dairələri təmasları intensivləşdirməyə, əməkdaşlığın həm praktiki, həm də strateji əhəmiyyətini gücləndirməyə sövq edib. Tərəflər yeni prioritetlər və məqsədlər müəyyənləşdirdikcə əlavə imkanlar da yaranacaq. Bu imkanlar getdikcə yalnız ikitərəfli deyil, regional müstəvini də əhatə edəcək”, – deyə ekspert vurğulayıb.
H. Sultanlı əlavə edib ki, Böyük Britaniyanın Mərkəzi Asiya ölkələri ilə əməkdaşlığı genişləndirməsi və Türkiyə ilə əlaqələrini inkişaf etdirməsi fonunda Azərbaycan-London strateji tərəfdaşlığı daha geniş coğrafiyada əhəmiyyət qazana bilər.
“Böyük Britaniyanın qonşu regionlarda fəallığının artması Azərbaycanla münasibətlərin regional əhəmiyyətini də gücləndirir. Bu baxımdan Azərbaycan-Böyük Britaniya tərəfdaşlığı ikitərəfli çərçivədən kənara çıxaraq daha geniş regional əməkdaşlığa uzunmüddətli töhfələr verə bilər”, – deyə ekspert fikrini yekunlaşdırıb.