Krımın qaytarılması məsələsində fəal iştirak edən ölkələrin sayı artır - MÖVQE

Yuriy Husyev

© APA | Yuriy Husyev

# 13 sentyabr 2024 14:31 (UTC +04:00)

11 sentyabr 2024-cü il tarixində Kiyevdə Beynəlxalq Krım Platformasının IV Sammiti uğurla keçirildi. Qeyd etmək lazımdır ki, builki sammitin iştirakçılarının dairəsi genişlənib, dünyanın 60-a yaxın ölkəsindən və beynəlxalq təşkilatlardan çoxsaylı nümayəndə heyətləri bu tədbirdə iştirak edib.

Argentina, Qara Dəniz İqtisadi Əməkdaşlıq Təşkilatı və Beynəlxalq Din və Etiqad Azadlığı Alyansı ilk dəfə olaraq Krım Platformasının hökumət formatına qoşulub. Bu, beynəlxalq dəstəyin artmasını və müvəqqəti işğal olunmuş Krım yarımadasının qaytarılması məsələsində fəal iştirak edən ölkələrin sayının artmasını vurğulayır.

Ukraynanın suverenliyinin dəstəklənməsi

Bütün nümayəndə heyətləri Ukraynanın suverenliyi və ərazi bütövlüyünü dəstəklədiklərini təsdiqləyiblər, Prezident Volodımır Zelenskinin Sülh Formulunu dəstəklədiklərini bildiriblər və Rusiyanın əsassız təcavüzü ilə mübarizədə Ukraynanın dəstəklənəcəyinə əmin ediblər.

Əsas iştirakçılar və çıxışlar

Sammitə Litva Prezidenti Gitanas Nauseda, Latviya və Xorvatiyanın baş nazirləri Evika Silinya və Andrey Plenkoviç, Moldova və Çexiya parlamentlərinin sədrləri İqor Grosu və Marketa Pekarova Adamova, ABŞ dövlət katibi Entoni Blinken, Böyük Britaniyanın xarici işlər naziri Devid Lemmi, o cümlədən Qara Dəniz İqtisadi Əməkdaşlıq Təşkilatının rəhbəri Lazar Komenesku və Demokratiya və İqtisadi İnkişaf naminə Təşkilat - GUAM-ın baş katibi, azərbaycanlı diplomat Altay Əfəndiyev qatılıblar. Bəzi dövlət rəsmiləri sammitə onlayn və ya video zəng vasitəsilə qoşulub.

Ukrayna Prezidenti Volodimir Zelenski çıxışında vurğulayıb: “Krım platforması, diplomatik səylər, xalqımızın, əsgərlərimizin müqaviməti sayəsində biz tamamilə açıq şəkildə Rusiyanı reallığa, yəni beynəlxalq hüquqa, dünya həmrəyliyinin gücünə, eləcə də Ukrayna üçün tam ədalətin bərpası və sonda bütün torpağımız, bütün xalqımız üçün etibarlı sülhün bərpa edilməsi zərurətinə məcbur edirik”.

Ukraynanın xarici işlər naziri Andriy Sıbiha ABŞ və Böyük Britaniyanın xarici siyasət idarələrinin rəhbərləri ilə birgə mətbuat konfransında deyib: “Ukraynanın, Krımla birgə suverenliyi və ərazi bütövlüyü bərpa edilmədən ədalətli və davamlı sülh mümkün deyil. Krım Ukraynadır”.

O, həmçinin, xarici qonaqlara sammitdə iştiraklarına görə təşəkkürünü bildirib.

Birgə bəyanat

Sammitin yekunlarından sonra iştirakçılar Birgə Bəyanat qəbul ediblər və orada Ukraynanın suverenliyinin və ərazi bütövlüyünün bərpasına, o cümlədən Krımın işğaldan azad edilməsinə sarsılmaz sadiqliklərini vurğuladılar. Bəyanatda, həmçinin, Rusiyanın təcavüzünə qarşı mübarizədə Ukraynaya gələcək siyasi, maliyyə və hərbi dəstəkdən də bəhs edilir.

Azərbaycan Ukraynanın ərazi bütövlüyü və suverenliyini dəstəkləyir

Bu yaxınlarda İtaliyaya səfəri zamanı Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev Ukraynanın ərazi bütövlüyü və suverenliyinin dəstəklənməsinə dair Azərbaycanın qəti, dəyişməz və ardıcıl mövqeyini bir daha təsdiqlədi və Ukraynanın Prezidenti Volodımır Zelenskiyə Ukraynanın Müstəqillik Günü münasibətilə ünvanladığı builki təbrikində Azərbaycanın lideri xüsusilə qeyd edib: “Azərbaycan və Ukrayna BMT Nizamnaməsinə, beynəlxalq hüquq norma və prinsiplərinə uyğun olaraq ərazi bütövlüyü və suverenlik məsələlərində qarşılıqlı dəstək və həmrəylik nümayiş etdirir. Biz dost Ukrayna xalqına lazımi humanitar dəstəyi və yardımı göstərmək üçün bundan sonra da hər cür səy göstərmək niyyətində olduğumuzu bildiririk”.

Ukraynanın yeni xarici işlər naziri Andrey Sıbiha ilə azərbaycanlı həmkarı Ceyhun Bayramov arasında ilk söhbətin mövzusu məhz bu məsələlər oldu. Söhbətin nəticələrinə görə, Ukraynanın xarici siyasət idarəsinin rəhbəri qeyd edib: “Biz suverenliyə və ərazi bütövlüyünə qarşılıqlı hörmətimizi təsdiqlədik. Ümid edirəm ki, əməkdaşlığımız xalqlarımız arasındakı dostluq əlaqələrini əks etdirəcək”.

Ukrayna üçün ədalətli sülh

Təəssüf ki, Ukrayna Krımının müvəqqəti işğalı 10 ildən artıqdır ki, davam edir. Hazırda Ukraynanın müxtəlif regionlardakı suveren ərazilərinin təxminən 20%-i Rusiyanın işğalı altındadır. Bununla belə, Müdafiə Qüvvələrimizin qəhrəmancasına səyləri sayəsində biz əzmkarlıq göstərdik, tərəfdaşlarımız və bütün dünya ictimaiyyəti ilə birlikdə Ukrayna, şübhəsiz ki, öz torpağına ədalətli sülhü qaytaracaq. Bunun üçün hamımız birləşməli və bu il Ukraynanın güclənməsinə və ədalətin və beynəlxalq hüququn bərpasının yeganə mümkün yolu olan Sülh Formulunun həyata keçirilməsinə dünyanın maksimum dərəcədə cəlb olunması ilə İkinci Sülh Sammitini keçirməliyik.

Öz suveren torpağında yaşamaq və öz müstəqil və azad dövlətini qurmaq hüququ pozula bilməz, çünki bizim görkəmli Kobzar Taras Şevçenko vəsiyyət etdiyi kimi: “Mübarizə aparın - qalib gələcəksiniz! Tanrı sizə kömək edir! Həqiqət, şöhrət və müqəddəs iradə sizin tərəfinizdədir!”

Yaşasın Ukrayna!”

Ukraynanın Azərbaycanda fövqəladə və səlahiyyətli səfiri Yuriy Husyev

1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR