Paşha Bank
Bank Of Baku

Müəllifi məlum məktuba İran səfirliyinin naməlum yanaşması - TƏHLİL

Müəllifi məlum məktuba İran səfirliyinin naməlum yanaşması - TƏHLİL
# 05 noyabr 2026 15:50 (UTC +04:00)

Oktyabrın 26-da Azərbaycanın 55 qeyri-hökumət təşkilatı (QHT) İran Prezidenti Məsud Pezeşkiana açıq məktub ünvanlayıb. Məktubda İranda yaşayan milyonlarla azərbaycanlının ana dilində təhsil hüququnun təmin olunması məsələsi qaldırılıb. QHT-lər İran Prezidentini bu istiqamətdə tarixi addımlar atmağa çağırıb, ana dilində təhsilin inkişafına, elmi-pedaqoji və mədəni əməkdaşlığın genişləndirilməsinə dəstək verməyə hazır olduqlarını bildiriblər.

Noyabrın 2-də isə bir qrup QHT nümayəndəsi İranın Azərbaycandakı səfirliyinə gedərək məktubu səfirliyə təqdim edib.

APA QHT üzvlərinin səfirliyə getmələri, məktubu təqdim etmələri barədə məlumat yayıb, məlumatda foto və videogörüntülər də yer alıb.

Azərbaycan QHT-ləri Pezeşkiana açıq məktubu İranın Azərbaycandakı səfirliyinə təqdim ediblər

Noyabrın 3-də isə İran səfirliyi APA İnformasiya Agentliyinə məktub göndərərək, QHT üzvlərinin məktubunu rəsmi qaydada qəbul edilmədiyini bildirib.

Səfirliyin APA-ya göndərdiyi məktubunda deyilir: “İran İslam Respublikasının Azərbaycan Respublikasındakı Səfirliyi qeyd olunan məktubun rəsmi qaydada qəbul edildiyini təkzib edir.

Qeyd etmək lazımdır ki, inzibati qaydalara və prosedurlara əsasən, naməlum şəxslər, kənar və etibarsız göndəricilər tərəfindən Səfirliyə göndərilən məktublar Səfirliyin dəftərxanasında qeydiyyata alınmır, həmin məktublar yandırılma vasitəsilə və yaxud kağızdoğrayan qurğudan istifadə edilməklə məhv edilir”.

Səfirlik bununla yanaşı, QHT üzvlərinin məktubunu dəyərsiz adlandırıb.

Diqqətə çatdıraq ki, İran səfirliyinin naməlum şəxslər tərəfindən göndərilən dediyi məktubu Azərbaycanın 55 QHT-si imzalayıb, məktubda həmin şəxslərin, təmsil etdikləri QHT-lərin adı qeyd olunub.

Məktuba imza atanlardan bir qrupu isə onu şəxsən İran səfirliyinə təqdim edib. Belə olan halda hansı naməlum şəxslərdən, etibarsız göndəricilərdən söhbət gedə bilər? QHT təmsilçilərinin məktubu İran səfirliyinə təqdim etmələrinin foto və videogörüntüləri də var axı...

Məktubun səfirlikdə rəsmi qeydiyyata alınmaması onun anonim olduğunu söyləməyə, eyni zamanda məktubun fiziki olaraq təqdim edilməsi faktı inkar etməyə əsas vermir.

Belə olan halda, səfirliyin müəllifləri və imzaları məlum olan məktubun naməlum şəxslərin müraciəti kimi qiymətləndirilməsi sual doğurur.

Səfirliyin sənədin əsas məzmununa münasibət bildirmək əvəzinə, onun müəllifləri barədə sərt ifadələr işlətməsi də diqqət çəkir.

Məsələ ilə bağlı APA-ya danışan, məktubu imzalayanlar arasında yer alan Azərbaycan Milli QHT Forumunun İdarə Heyətinin üzvü və “Prioritet” Sosial İqtisadi Araşdırmalar Mərkəzi İctimai Birliyinin sədri Zaur İbrahimli İran səfirliyinin mövqeyini obyektivlikdən uzaq, məsuliyyətdən yayınmağa və diqqəti məktubun mahiyyətindən yayındırmağa yönəlmiş yanaşma kimi qiymətləndirib.

Zaur İbrahimli: Metsamor AES risk yaradır, çevik addımlar atmaq vacibdir

O, bildirib ki, İran səfirliyinin 55 QHT-nin imzaladığı və şəxsən təqdim etdiyi məktubu naməlum şəxslərin müraciəti kimi qələmə verməsi faktların təhrif edilməsi, diplomatik məsuliyyətdən yayınmaq və diqqəti məsələnin mahiyyətindən yayındırmaq cəhdidir: “Böyük təəssüf hissi ilə qeyd edirik ki, İran səfirliyi açıq məktubla digər müraciət formalarını fərqləndirmir və yaxud məqsədli şəkildə fərqləndirmək istəmir. Azərbaycanın 55 qeyri-hökumət təşkilatının imzaladığı məktub səfirliyə təqdim olunan zaman onun bütün səhifələri əyani şəkildə göstərilib, hansı QHT-nin imza atdığı barədə məlumat verilib, həmçinin, məktubun məzmunu şifahi şəkildə izah olunub. Hazırda məktubun qəbul edilməsi ilə bağlı İran səfirliyinin tutduğu mövqe, yumşaq desək, obyektiv deyil və açıq məktubların ünvanlanması ilə bağlı beynəlxalq praktikada qəbul olunmuş qaydalara və təcrübəyə ziddir. Təəssüf ki, bu məktuba diqqətlə yanaşmaq və onu ünvanına çatdırmaq vəzifəsi olan İran səfirliyi məhz belə yol tutub. Bu, daha çox məsuliyyətdən yayınmaq yoludur və obyektiv dəyərləndirmədən çox uzaqdır. İran səfirliyi bu cavabla, əslində, müzakirələri tam başqa istiqamətə yönəltməyə, diqqəti məsələnin mahiyyətindən uzaqlaşdırmağa çalışır. Səfirliyin vəzifəsi bu cür müraciətlərə həssas yanaşmaq və məktubun ünvanlandığı şəxsləri məlumatlandırmaqdır. Səfirliyin açıqlamasında işlədilən ifadələr də etikadan kənardır, ümumi qəbul olunmuş etik normalara uyğun gəlmir. Biz buna təəssüf edirik”.

Məktubu imzalayanlar arasında yer alan və nümayəndəsi məktubu İran səfirliyinə şəxsən təqdim edənlərdən biri olan “İslahatçı Qadınlar və İnnovasiyalar” İctimai Birliyinin sədri Vüsalə Hüseynli də APA-ya açıqlamasında bildirib ki, İran səfirliyi 55 QHT-nin imzaladığı məktubun şəxsən təqdim edildiyini təsdiqləyən faktları bilərəkdən görməzdən gəlir, qeyri-peşəkar yanaşma nümayiş etdirir və təxribat xarakterli bəyanatlarla diqqəti məsələnin mahiyyətindən yayındırmağa çalışır.

Vüsalə Hüseynli: Prezident seçkilərində gənclərin xüsusi fəallığının şahidi  olacağıq | Kaspi.az

O bildirib ki, İran səfirliyinin məktuba münasibəti diplomatik nümayəndəliyin qeyri-peşəkar yanaşmasını göstərir: “İran səfirliyinin bu cür açıqlamaları ilə ilk dəfə rastlaşmırıq. Hesab edirəm ki, səfirlik nümayəndələri, o cümlədən səfir məktubda hansı məsələnin qaldırıldığını çox yaxşı bilirlər. Lakin APA-ya göndərdikləri cavabda ABŞ-nin və Azərbaycanın tərəfdaşı olan digər dövlətlərin adlarını gündəmə gətirməklə məsələnin mahiyyətindən yayınmağa çalışırlar. Səfirlik nümayəndələri müraciəti təqdim edən şəxslərin kimliyini müəyyənləşdirə, zərurət yarandıqda onların şəxsiyyətini təsdiqləyən sənədləri yoxlaya bilərdilər. Bunun əvəzinə, məsələyə başqa istiqamətdən yanaşıblar. Səfirliyin əsas vəzifələrindən biri daxil olan müraciətləri aidiyyəti üzrə öz dövlətinə çatdırmaqdır. Əgər İran səfirliyi bu prosesi düzgün təşkil edə bilmirsə, bunu diplomatik nümayəndəliyin qeyri-peşəkarlığının göstəricisi kimi qiymətləndirmək olar”.

Beləliklə müəllifləri məlum olan müraciətin naməlum şəxslərin məktubu kimi təqdim edilməsi, eləcə də onun məzmununa münasibət bildirilməməsi diplomatik nümayəndəliyin mövqeyindəki ziddiyyətləri ortaya qoyur. Əsas məsələ isə hələ də cavabsız qalır: İran tərəfi azərbaycanlıların ana dilində təhsil hüququ ilə bağlı qaldırılan məsələyə nə zaman və hansı formada münasibət bildirəcək? Bu suala cavab verilməsi müzakirənin mahiyyətinə qayıdılması baxımından vacibdir.

1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR