Niderland Fransanın kölgəsində öz neokolonial siyasətini necə pərdələyir? - TƏHLİL

Niderland Fransanın kölgəsində öz neokolonial siyasətini necə pərdələyir? - TƏHLİL
# 14 oktyabr 2024 15:43 (UTC +04:00)

XXI əsrdə utancverici neokolonial dövlət statusu daşıyan ölkələr arasında Niderland xüsusi yeri var. Adətən, Fransanın çat verən və tez-tez iğtişaşlara meydan olan neokolonist siyasətinin kölgəsində qalan Niderland tarixdən gələn zəngin müstəmləkə keçmişinə malikdir. O da Fransa kimi bu keçmişi ilə heç cür vidalaşmaq istəmir, nəzarətində saxladığı xalqlara azadlıq verməyə tələsmir. Əksinə, rəsmi Parisdən fərqli olaraq, hiyləgər və şirnikləndirici siyasət yürüdən Niderland müstəmləkələrinə bəzi hüquqlar verməklə sabitlik görüntüsü yaratmağa çalışır.

Niderland Krallığının hazırda hələ də 6 (Aruba, Kyurasao, Sent-Marten, Boneyr, Sent-Estatius və Saba) koloniyası var və onların hamısı ölkənin Avropa sərhədlərindən 8 000 kilometr uzaqlıqda - Karib dənizi hövzəsində yerləşir. Koloniyaların statusu da fərqlidir. 1986-cı il yanvarın 1-nə qədər Aruba Niderland Antil Adaları muxtariyyətinin üzvü idi. Həmin il o, muxtariyyətdən çıxaraq, Niderlandın tərkibində özünüidarə dövləti statusu aldı. 2010-cu ildə keçirilən Konstitusiya referendumu ilə isə Niderland Antil Adaları muxtariyyəti ləğv edildi. Yeni Konstitusiya dəyişikliyinə əsasən, Aruba, Kyurasao və Sent-Marten özünüidarə dövlətləri statusu qazandı, Boneyr, Sent-Estatus və Saba isə Hollandiya Krallığının tərkibində xüsusi munsipalitet oldu.

İlk baxışda, bu dəyişikliklər Niderlandın müasir xarici siyasət tərəfdarı olması barədə təəssürat yaratsa da, atılan addımlar sırf gözdən pərdə asmaq, beynəlxalq ictimaiyyətin gözünə kül üfürmək niyyəti daşıyır. 3 ada dövlətinə verdiyi özünüidarə dövləti statusu real heç bir məna ifadə etmir və müstəmləkə statusunun davam etməsi deməkdir. Çünki 3 ada dövlətinə verilən özünüidarə dövləti statusu imitasiyadan başqa bir şey deyil. Onların heç biri beynəlxalq hüququn subyekti deyil, bu hüquq yalnız Niderlanda məxsusdur. Rəsmi Amsterdam 6 ada dövlətinin hər birinin xarici siyasətinə, müdafiə məsələlərinə nəzarət edir, ada sakinləri yalnız Niderland vətəndaşlığına malikdir. Faktiki olaraq, Karib dənizi hövzəsindəki 6 ada dənizaşırı dövlət və ərazi statusuna malikdir və heç bir real özünüidarə hüququ yoxdur.

Bu əraziləri öz tabeliyində saxlayan, bölgənin turizm potensialı, xammalı və coğrafi mövqeyindən istifadə edən Niderland beynəlxalq birliyin heç bir etirazı ilə qarşılaşmır. Müstəmləkə zülmünə məruz qalmış kiçik ada dövlətlərinin təəssübünü çəkən isə yenə də Bakı Təşəbbüs Qrupudur. Bakı Təşəbbüs Qrupu Fransa kimi, Niderland kolonializminə qarşı da mübarizə aparır. Bu kontekstdə bu ilin 22 avqustunda Bakıda Bakı Təşəbbüs Qrupu (BTQ) və Boneyr İnsan Hüquqları və Dəyişiklik naminə Hərəkatının birgə təşkilatçılığı ilə Niderlandın müstəmləkəçiliyi altında olan Boneyr adasına həsr olunmuş beynəlxalq konfrans öz vacibliyini göstərdi. Konfransda iştirak edən Boneyr adasının təmsilçiləri 2015-ci il 18 dekabr tarixində keçirilmiş referendumda seçicilərin 66%-nin 2010-cu ildən etibarən Boneyrdə tətbiq edilən konstitusiya statusunu rədd etdiyini bildirib. Boneyr öz müqəddəratını təyinetmə və özünüidarəetmə hüququnu qorumaq naminə özünü idarə etməyən ərazi kimi yenidən qeydiyyata alınması üçün beynəlxalq ictimaiyyətdən dəstək istəmişdi.

Göründüyü kimi, uzun illər problemləri və hüquq pozuntuları dünya ictimaiyyətinin gözündən qaçan Karib dənizindəki adalar Bakı Təşəbbüs Qrupunun sayəsində səsini bütün dünyaya çatdıra biləcək. Beləliklə, öz neokolonial siyasətini pərdələməyə, dünyaya demokratiya dərsi verməyə çalışsa da, Niderlandın ada dövlətlərində yürütdüyü qeyri-demokratik və istismarçı siyasəti ifşa olunur.

Azərbaycanın Niderlandın neokolonial simasının ifşa olunması yönündə atdığı addımlar təbii ki, rəsmi Amsterdamın xoşuna gəlmir. Son vaxtlar Niderland hakimiyyətinin, eləcə də Xarici İşlər Nazirliyinin və parlamentinin Azərbaycan əleyhinə addımlar atmasını məhz bu amillə də əlaqələndirmək olar. Lakin həm Fransa, həm Niderland, həm də Azərbaycanın müstəqil və ədalətli siyasət yürütməsini həzm edə bilməyən dövlətlər bu cür addımların çıxış yolu olmadığını qəbul etməlidirlər. 21-ci əsrdə müstəmləkə siyasətindən əl çəkmək istəməyən ölkələrin Azərbaycan və digər dövlətlərə nəyisə irad tutması, onlardan ünvanına hansısa tələblər səsləndirməsi əsassızdır.

APA Analytics

1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR