USAİD indi də Gürcüstanı qarışdırmaqla məşğuldur - TƏHLİL

USAİD indi də Gürcüstanı qarışdırmaqla məşğuldur - TƏHLİL
# 03 oktyabr 2023 17:43 (UTC +04:00)

ABŞ-ın Beynəlxalq İnkişaf Agentliyi (USAİD) indi də Gürcüstanı qarışdırmaqla məşğuldur.

Son günlər qonşu ölkədə baş verən hadisələrdə USAİD-in adı geniş hallanmaqdadır.

Gürcüstanın Dövlət Təhlükəsizlik Xidməti oktyabrın 2-də açıqlama yayaraq, USAİD-i ölkədə hakimiyyət dəyişikliyi məqsədilə zorakı etiraz aksiyası metodları üzrə təlim keçən serbiyalılar maliyyələşdirməkdə ittiham edib.

Qeyd olunub ki, USAİD-in Şərq-Qərb İdarəetmə İnstitutunun dəvəti ilə üç Serbiya vətəndaşı - Sinisa Sikman, Yelena Stoisiç and Slobodan Jinoviç sentyabrın 25-də Gürcüstana gəlib.

Bildirilib ki, həmin şəxslərin Gürcüstana gəlişinin əsas məqsədi bu ilin oktyabr-dekabr aylarında qanunsuz və dağıdıcı fəaliyyətlər planlaşdıran QHT-lərlə və gənclərlə əlaqələr qurmaq və onlara təlimlər keçmək olub.

Məlumata görə, Serbiya vətəndaşları USAİD tərəfindən maliyyələşdirilən və sentyabrın 26-dan 29-dək davam etmiş dörd günlük təlimdə iştirak ediblər.

Gürcüstan DTX daha əvvəl sözügedən serbiyalıların saxlanıldığını açıqlayıb.

Qeyd olunub ki, sözügedən şəxslər 2003-cü ildə də Gürcüstanda baş vermiş inqilabi proseslərlə əlaqəli olub, həmçinin, müxtəlif illərdə Serbiya, Ukrayna və digər ölkələrdə gedən oxşar proseslərdə iştirak ediblər.

Gürcüstanın hakim “Gürcü arzusu” partiyası da açıqlama yayaraq, Amerika xalqının pulunun Gürcüstanda inqilabi proseslərin planlaşdırılmasına sərf olunduğunu bildirib.

Gürcüstan parlamentinin sədri Şalva Papuaşvili deyib ki, USAİD Amerika xalqının pullarının başqa ölkəyə iğtişaşları qızışdırmaq, iğtişaşlar planlaşdıran və zorakılıq törədən qrupları hazırlamaq üçün sərf olunmasının izahını verməlidir.

Gürcüstan nümunəsi USAİD-in adının hallandığı yeganə qalmaqal deyil. Bu qurumun adı işlədiyi ölkələrdə siyasi proseslərə açıq müdaxilə, hakimiyyət çevrilişlərinə cəhd və s.-də daim hallanıb.

Başqa sözlə, USAİD bir növ ABŞ Mərkəzi Kəşfiyyat İdarəsinin (SİA) alt qurumu kimi fəaliyyət göstərərək, yardım adı ilə ayrı-ayrı ölkələrin daxili işlərinə qarışır, çevriliş və xaos üçün münbit şərait yaratmağa çalışır. USAİD ABŞ-ın ayrı-ayrı ölkələrin daxili işlərinə müdaxilə, istəmədiyi hakimiyyətlərin devrilməsi strategiyasında xüsusi rola malikdir.

Bir faktı vurğulamaq yerinə düşər ki, USAİD 2023-2025-ci illərdə müxtəlif ölkələrdə “vətəndaş cəmiyyəti” quruculuğuna 10 milyard dollara yaxın vəsait ayırıb. Lakin bu vəsaitin məhz ABŞ-ın siyasi və regional maraqlarına sərf olunduğu şübhəsizdir. “Vətəndaş cəmiyyəti” və QHT sektorunda aktiv işləyən USAİD Vaşinqtonun gizli maraqlarını məhz ayrı-ayrı layihələr üzərindən icra etmək siyasəti yürüdür. Ümumiyyətlə, başda USAİD olmaqla ABŞ hökumətinə bağlı olan təşkilatlar və hərəkatlar vətəndaş cəmiyyətlərinin inkişafına töhfə vermək adı ilə siyasi proseslərə müdaxilə etmək, qarşıdurma yaratmaq, prosesləri manipulyasiya etmək məqsədi güdür.

Gürcüstanda baş verən son proseslər, əslində, bizə yaxşı tanışdır. Eyni problemləri Azərbaycan çoxdan və dəfələrlə yaşayıb. Özü də Azərbaycana qarşı təkcə USAİD deyil, ABŞ-a bağlı digər qurumlar uzun illər boyu çirkin ssenarilər həyata keçirmək istəyib. Lakin Azərbaycan güclü dövlət olaraq, bu ssenarilərin reallaşmasına imkan verməyib.

USAİD, NED, Fridrix Nauman, Marşall, İREX və digər bu kimi qurumlar Azərbaycanda da siyasi hakimiyyətə qarşı təzyiq vasitəsi kimi istifadə etmək üçün öz şəbəkəsini formalaşdırmağa çalışıb.

Bir məqamı da vurğulamaq yerinə düşər ki, bu gün çevriliş təhlükəsi ilə üzləmiş Gürcüstanda USAİD geniş şəbəkəyə malikdir, vaxtilə Azərbaycanda işlədiyi təşkilat və hərəkatlara maliyyəni məhz Gürcüstan üzərindən ötürüb.

1991-ci ildən Azərbaycanda fəaliyyət göstərən USAİD-ın dəfələrlə ölkədə qarşıdurma və gərginlik cəhdlərinə dəstək verməsinə dair məlumatlar var. Bununla bağlı faktlar və sübutlar zaman-zaman mətbuatda işıqlandırılıb.

2014-cü ildə USAID Azərbaycanda “müstəqil medianın inkişafı” üçün fantastik həcmdə - 2,4 milyon dollar məbləğində qrantın elan etmiş, qısa zamanda və qeyri-şəffaf formada həyata keçirilən müsabiqəyə yalnız özünün lazım bildiyi medialar buraxılmışdı.

Bundan başqa, ABŞ-a bağlı digər qurumların da antiAzərbaycan fəaliyyətini əks etdirən məqamlar kifayət qədərdir. Buna misal olaraq, 2014-cü ildə ABŞ Milli Demokratiya İnstitutunun (MDİ/NDİ) Bakıdakı nümayəndəliyinin keçmiş rəhbəri Aleks Qriqoryevsin özünün bank hesabından 2 milyon dollara yaxın vəsaiti çıxarıb bəzi QHT-lərə, konkret şəxslərə paylamasını, USAİD və NED-in NİDA, “Dalğa” və digər təşkilatları maliyyələşdirməsini, MDİ əməkdaşlarının Bakıda keçirilən qanunsuz aksiyalarda dəfələrlə iştirak etməsini və s. göstərmək olar.

USAİD, MDİ və digər belə qurumların məqsədi qeyri-şəffaf maliyyələşmə yolu ilə özünə xidmət edən media və QHT şəbəkəsi formalaşdırmaq, lazım olan anda həmin şəbəkənin əli ilə ölkədə qarışıqlıq yaradıb, məqsədinə çatmaq idi.

USAİD sonrakı dövrlərdə də eyni məqsədlə bir çox layihələr reallaşdırıb. Təşkilat hazırda da, xüsusilə, regionlarda müxtəlif layihələ həyata keçirir, rəsmi Bakı onun ölkədə qalmasına ehtiyac olmadığını, bunun məqsədəuyğun sayılmadığını dəfələrlə nəzərə çatdırsa da, USAİD fəaliyyətini dayandırmır.

Son vaxtlar isə USAİD Azərbaycana münasibətdə daha bir istiqaməti özü üçün prioritet seçib. USAİD Azərbaycanda müharibə əleyhinə hərəkatın - NoWar-çıların mövqelərinin güclənməsi üçün səylərini daha da artırıb. Məqsəd isə Azərbaycanın öz ərazilərini işğaldan azad etməsinə maneələrin yaratmaq idi.

44 günlük müharibədən sonra Azərbaycanda iqtidar-xalq birliyinin daha da gücləndiyini anlayan ABŞ taktikasını dəyişərək ələbaxan müxalifətdən yox, milli dəyərlərə böyük təhlükə olan LGBD, əxlaqsızlığı təbliğ edən “feministlər”, Vətən Müharibəsindəki Zəfəri dəyərsizləşdirməyə çalışan “NO WAR”çılardan istifadə etməyə çalışır, bu qruplara maliyyə isə məhz USAİD xətti ilə ayrılır. Lakin göründüyü kimi, bütün bu cəhdlər heç bir nəticə vermir. Azərbaycan güclü dövlət olaraq, məqsədlərində doğru irəliləyir. ABŞ isə Amerika xalqının vergiləri hesabına formalaşan büdcəsindən USAİD və digər belə təşkilatların lazımsız və perspektivsiz layihələrinə pul ayırmaqla külli miqdarda vəsaiti göyə sovurur.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR