Türkiyədəki seçkilər: boşluğu rədd edən siyasət-TƏHLİL

turkiyedeki seckiler boslugu redd eden siyaset tehlil

Siyasət tarixinin nadir hadisələrindən biri bazar günü Türkiyədə yaşandı: 5 ay əvvəl təkbaşına iqtidarını itirmiş bir partiya siyasi toparlanma üçün qeydiyyata keçirilməyəcək dərəcədə qısa olan bir zaman dilimində  reytinqini 9% yüksəldərək yenidən təkbaşına iqtidarına qovuşdu. Demokratiya tarixinin əmsalına bəlkə də rast gəlinməyən örnəyi, Türkiyə üçün  də  möcüzə sayılacaq bir durumdur..

 

Türk seçicisi  düz 13 il qabaq 1.3 yaşlı  Adalet ve Kalkınma Partiyasını (AKP) təkbaşına iqtidara gətirəndə əcaib seçki sisteminin və 10%-lik ölkə baryerinin bunda  o qədər böyük rolu olmuşdu ki, 34.2% səslə məclisdəki 550 mandatın 363-ü alan AKP də bunu gözləmədiyini etiraf etmək məcburiyyətində qalmışdı. O seçkidən sonrakı 2 seçkidə (2007 və 2011) təkbaşına iqtidardakı AKP reytinqini o qədər artırdı ki, hər 2 seçicidən birinin səsini almaq sanki normal hala çevrildi. Ta ki 7 iyundakı seçkiyə qədər. Prezident Ərdoğanın birbaşa seçki meydanlarına enərək qurucusu olduğu AKP-yə səs istəməsinə baxmayaraq, seçicilər o dəstəyi verməyib 13 illik iqtidarı, bir növ, fasiləyə göndərdi. 7 iyundakı seçkinin ortaya çıxardığı tablo müxalifətdəki 3 partiyanın koalisiyasını diqtə etsə də, xüsusilə Milliyyətçi Hərəkat Partiyasının (MHP) lideri Devlet Bahçelinin işin əvvəlindən  kürd təmayüllü Halkların Demokratiyası Partiyasını (HDP)  rədd edən mövqeyinin , daha sonra isə Cümhuriyyət Xalq Partiyasına (CHP) qapıları qapatmasının yaratdığı boşluğu AKP çox qısa müddətdə ustalıqla dolduraraq təkbaşına iqtidarını bərpa etdi. Elə isə bu 5 ayda AKP-nin öz reytinqini 9% artırması üçün heç bir fövqəladə hadisə baş verməmişdi; görülən iş- MHP lideri Bahçelinin sayəsində yay aylarında  yaranmış siyasi vaakuma ustalıqla yerləşmək oldu...

           

Ən çox AKP çalışdı...

 

7 iyunda nəticələr bəlli olan kimi AKP-nin öz  təşkilatlarına və tərəfdarlarına göndərdiyi ilk mesaj “Bizə səs verməyənlər indi hökumət qurulub-qurulmayacağını görsünlər”- idi. 13 illik iqtidarın sahibi olan partiya öz üzvlərinə və tərəfdarlarına “Bizsiz hökumət qurula bilməz, arxayın olun”- sifarişini göndərərək onların əhval-ruhiyyəsinin pozulmasını əngəlləmək öz yerində, daha sıx birləşmələrinə nail oldu. CHP ilə koalisiya müzakirələrində ipə un sərən AKP-nin əsas məqsədi mümkün olan ən qısa müddətdə erkən seçkiyə getmək olduğuna görə, MHP ilə koalisiya müzakirəsi də formallıqdan başqa bir şey deyildi. Ancaq AKP o müzakirə imitasiyasını da ustalıqla MHP-nin əleyhinə çevirə bildi; 7 iyunda MHP-yə səs verən milliyyətçi-mühafizəkar seçici kütləsi arasında bu dəfə tədavülə daxil edilən təbliğat “instrumenti”nin onurğasını “MHP daşın altına əlini qoymaqdan qaçır”- ittihamı təşkil etdi. MHP seçiciləri üzərindəki bu peyvənd də tutmuşdu. Digər tərəfdən, iyulun axırından başlayaraq, terror təşkilatına qarşı təşkil edilən hava və quru əməliyyatları MHP-nin bu sahədəki təbliğatını və səs alma potensialını zəiflətməklə qalmayıb, bəzi nöqtələrdə tamamilə keçərsiz qıldı. Sentyabrın 3-cü dekadasında başlayan seçki təbliğatı dönəmində ən çox çalışan lider də  AKP sədri Əhməd Davudoğludan başqa biri deyildi. İşin əvvəlindən terror təşkilatıyla arasına qalın çizgi çəkməkdə tərəddüd edən HDP istər prezident Ərdoğan, istərsə də AKP  lideri Davudoğlunun fasiləsiz salvoları qarşısında nə müvazinətini qoruya bildi, nə də özünü toplama fürsəti oldu. Təbliğat dönəminin son 15 günündə AKP sosial-iqtisadi şüarları ön plana çıxararaq CHP-nin 7 iyun ərəfəsində verdiyi vədlərin önəmli qismini  sahibləndi ki, bu da seçicilər üzərində təsirli oldu. AKP-ni 1 noyabrda başarıya aparan faktorlardan biri də 7 iyundakı namizədlər siyahısında etdiyi önəmli dəyişikliklər oldu. Yuvarlaqlaşdırarkən bunu deməliyik: 1 noyabrdakı seçkinin ən dinamik aktyoru olan AKP haqq etdiyi və hətta bu qədərini  özünün də gözləmədiyi bir başarının altına imza ataraq dünya siyasət müntəxabatına daxil oldu...

 

      İndiki  Cümhuriyyət Xalq Partiyasının gücü bu qədərdir

CHP yayda AKP  ilə apardığı 32 günlük koalisiya müzakirələrində nümayiş etdirdiyi tolerantlılığa güvənirdi; sakit üslubunu seçki təbliğatı dönəmində də davam etdirən Kamal Kılıçdaroğlu və CHP idarəçilərinə elə gəlmişdi ki, bu mövqe 1 noyabrda ən az 28% səs almağa önəmli dərəcədə dəstək olacaq. Ancaq olmadı; Kamal Kılıçdaroğlunun 22 may 2010-cu ildə partiyanın başına gəlməsindən bəri girdiyi 5 seçkinin hamısını uduzdu;  ölkənin ana müxalifət partiyası iqtidar alternativi olduğunu nümayiş etdirə bilməyərək 12 iyun 2011-ci ildə yerləşdiyi 25%-lik çizgidən bu dəfə də yuxarıya sıçraya bilmədi. 1 noyabrdakı seçkiyə namizədlər siyahısında 4-5 dəyişiklik edərək girən və yenə yerində sayan   CHP-nin yola bu şəkildə davam etməsinə partiyanın üzvləri və tərəfdarları razılıq verəcəklərmi? Fövqəladə hadisələr baş verməsə, Türkiyədə növbəti parlament seçkisi 2019-cu ildə keçiriləcək, o vaxta qədər CHP tərəfdarları Kamal Kılçıdaroğlunun partiyanı 25% çizgisindən çıxara biləcəyinə inanarlarmı? Türk siyasətini izləmə təcrübəm bunun çox çətin olduğunu  diqtə edir...

 

       MHP: onun barəsində danışmağa dəyərmi?

 

Məncə də dəyməz. 7 iyundan sonrakı təhlillərdə MHP-ni “ziqzaqların partiyası” kimi xarakterizə edərkən yanılmadığıma sevinirəm. 7 iyunda 16.5% səs almış MHP-nin vaxtında və ya vaxtından əvvəl  keçiriləcək seçkidə  yenidən 10%-lik bariyerin altına düşəcəyini tərəddüdsüz yazmışdım. Elə də olacaqdı ancaq MHP-nin qurucu lideri Alparslan Türkeşin oğlu, MHP sədrinin müavini Toğrul Türkeşin əvvəlcə seçki hökumətinə girməyi qəbul etməsi və sonra da AKP-dən millət vəkilliyinə namizəd olması MHP tərəfdarlarının bir qismini bu işi “namus məsələsi” kimi dəyərləndirərək partiyanın ətrafında birləşməsinə səbəb oldu; bu minvalla Bahçelinin MHP-dən ixrac etdiyi Toğrul Türkeş,  MHP-nin 10%-lik bariyerin altına düşməməsinin əsas səbəbkarı oldu. Buna baxmayaraq, ölkənin Türk milliyyətçisi olduğunu iddia edən partiyası  reytinq itirməyə davam edirdi və əgər erkən seçki 2 aydan sonra keçirilsəydi, MHP ən az 8% səs itirərək ölkə baryerinin altında qalacaqdı. 7 iyundakı seçkidə kürd təmayüllü HDP-dən 3.5% səs artıq almasına baxmayaraq, seçki sisteminin naqisliyinə görə HDP qədər (80 millət vəkili mandatı) qazana bilən MHP 1 noyabrda da HDP-dən 1.5% artıq səs almasına baxmayaraq,  haqqında söhbət gedən siyasi qurumdan 21 mandat az qazana bildi. Xeyr, heç kim MHP-də bunun haqq-hesabının çəkiləcəyi xəyalına özünü qapdırmasın; düz 20 il əvvəl də partiya 10%-lik baryeri keçə bilməyəndə bunun haqq-hesabı Alparslan Türkeşlə çəkilmək istəmiş, Türkeş  haqq-hesab çəkmək istəyən adamları 10 dəqiqədə  partiyadan ixrac etmişdi. İlk açıqlamasında Devlet Bahçeli də “qurulan tələlər baxmayaraq, MHP-nin baryeri keçərək məclisə girdiyini və partiya kadrlarının öz işlərinin başında olduğunu” demədimi? Bu yerdə Seyid Əzim Şirvani deməzmi “Bundan savayı mən nə açım yar söhbətin?”

 

     HDP-ni ağır günlər gözləyir...

 

1 noyabrda təşəbbüs tamamilə “kürd açılımı”nı başladıb böyük risklər bahasına önəmli nöqtəyə qədər gətirən, sonra isə donduran AKP-nin əlinə keçmişdir. 7 iyundakı seçkidən sonra AKP-nin  öz tərəfdarlarına verdiyi mesajlardan biri də “Kürdlər indiyə qədər onlara heç kimin vermədiyini gen-bol  verən Tayyip Ərdoğana xəyanət etdi”- şəklində idi. Ərdoğana ən yaxın adamlardan biri olan Yalçın Akdoğan seçkidən sonrakı günlərdə HDP-ni nəzərdə tutaraq “Bundan sonra “açılım prosesi”nin filmini çəkərlər”- sözüylə prezidentin və partiyasının qərarlılığını ortaya qoymuşdu. Yay aylarından  başlayaraq terror təşkilatına qarşı aparılan müxtəlif növlü əməliyyatların AKP-yə reytinq qazandırdığı və milliyyətçi seçici kütləsini (ki, onların kürdlərlə sülh yaratma istəyi qətiyyən yoxdur) öz tərəfinə çəkdiyi açıq-aşkar bir durum ikən 64-cü Davudoğlu hökumətinin “açılım prosesi”ni davam etdirmək yerinə terrorla mübarizəni qərarlı şəkildə davam etdirəcəyini düşünmək Amerikanı yenidən kəşf etmək olmayacaqdır. Bu durum məclisdə təmsil edilən HDP-nin özünü toplamasına və təsirli siyasət apara bilməsinə ciddi şəkildə əngəl olacaq. Kürd siyasi hərəkatının liderlərinin  dəyişməsinə dair tələblərin səsləndiriləcəyi də yaxın və orta möhlətli gələcəyin ehtimalları arasındadır....

Yəni, 1 noyabrda AKP-nin baxımından tarazlıqları yenidən tənzimləyən parlament seçkisinin o biri partiyalar üçün tarazlıqları alt-üst etməsi  bir cüt   görən gözü olan hər kəsin görə   biləcəyi   gerçəkdir...

 

Mayis Əlizadə / APA Analitik Mərkəzi 

BÖLMƏDƏN DİGƏR XƏBƏRLƏR

XƏBƏR LENTİ

18:30 20 Sentyabr
TOP 5

VİDEO XƏBƏRLƏR

FOTO XƏBƏRLƏR

  • mudafie nazirliyinde pakistan herbi hava quvvelerinin numayende heyeti ile gorus kecirilib
    Müdafiə Nazirliyində Pakistan Hərbi Hava Qüvvələrinin nümayə...
  • sumqayitda zavod erazisinde yangin olub
    Sumqayıtda zavod ərazisində yanğın olub
sumqayitda zavod erazisinde yangin olub sumqayitda zavod erazisinde yangin olub +2
MƏZƏNNƏ
FOREX
/ 20 Sentyabr, 2017

USD
1.7007
 
EUR
2.0421
 
RR
0.0293
 

SƏSVERMƏ

Bizim saytdan istifadə etmək sizin üçün rahatdırmı?
TƏSDİQLƏ