Azərbaycandakı sığorta şirkətlərindən 15-də yığım, 17-də ödəniş artıb

Azərbaycandakı sığorta şirkətlərindən 15-də yığım, 17-də ödəniş artıb
# 14 aprel 2015 10:07 (UTC +04:00)

Bakı. Musa Əhmədov - APA-Economics. 2015-ci ilin yanvar-mart aylarında Azərbaycanda toplanmış sığorta haqlarının məbləğinə görə, bazarın lideri “Paşa Sığorta” şirkəti olub.

Azərbaycan Sığortaçılar Assosiasiyasından “APA-Economics”ə verilən məlumata görə, şirkət ilin ilk 3 ayı ərzində 29,2 mln. manat sığorta haqqı toplayıb.

Sonrakı yerləri tutan “Paşa Həyat Sığorta”nın yığımları 14 mln. manat, “Atəşgah Sığorta”nın yığımları isə 13,6 mln. manat olub. Sığorta yığımlarının məbləğinə görə, ilk beşliyi “Atəşgah Həyat Sığorta” (12,6 mln. manat) və “Azərsığorta” DSKŞ (8,3 mln. manat) tamamlayır. Ümumilikdə bazarın təxminən 57%-i ilk beşlikdə təmsil olunan şirkətlərin payına (təxminən 77 mln. manat) düşür.

Ən az sığorta haqqı toplayanlar isə “Rəvan Sığorta” (507 min manat), “Başak İnam” (411 min manat), “Amrah Sığorta” (280 min manat), “Azərqarant” (100 min manat) və “Günay Sığorta” (33 min manat) şirkətləri olub. Bu şirkətlərin ümumi göstəricisi təxminən 1,33 mln. manat olub və ümumi sığorta yığımlarının təxminən 1%-ni təşkil edib.

Ötən ilin noyabr ayında lisenziyası dayandırılmış “Era-Trans” və praktiki olaraq fəaliyyətini dayandırmış “Çartis Azərbaycan” sığorta şirkətləri isə təbii olaraq sığorta haqqı toplamayıb.

Ümumilikdə 27 sığorta şirkətindən 4-də sığorta haqlarının məbləği 10 mln. manatdan çox, 5 şirkətdə 5-10 mln. manat arasında, 9 şirkətdə 1 mln. manatdan 5 mln. manata qədər, 3 şirkətdə 500 min manatdan 1 mln. manata qədər, 6 şirkətdə isə 500 min manatdan da aşağıdır. Şirkətlərdən 15-də sığorta haqlarının artımı, 12-də isə azalması baş verib.

Həyata keçirilmiş sığorta ödənişlərinin məbləğinə görə də lider “Paşa Sığorta” şirkətidir – 6,64 mln. manatla. Sonrakı yerləri tutmuş “Atəşgah Həyat Sığorta”nın ödənişləri 3,74 mln. manat, “Atəşgah Sığorta”nın ödənişləri isə 3,68 mln. manat təşkil edib. Ödənişlərin məbləğinə görə, ilk 5-liyi “AXA MBASK” (2,88 mln. manat) və “Azərsığorta” DSKŞ (2,72 mln. manat) tamamlayır. Ümumilikdə, ödənişlərin təxminən 55%-i ilk beşlikdə təmsil olunan şirkətlərin payına (təxminən 20 mln. manat) düşür.

Ən az ödəniş edən şirkətlər isə “Era-Trans” (59,6 min manat), “Günay Sığorta” (26,1 min manat), “İpək Yolu Sığorta” (10,2 min manat), “Çartis Azərbaycan” (10,6 min manat) və “Azərqarant” (1,3 min manat manat) olub. Bu şirkətlərin ümumi göstəricisi təxminən 108 min manat olub ki, bu da ödənişlərin 0,3%-ni təşkil edir.

Ümumilikdə 27 sığorta şirkətindən 12-də 1 mln. manatdan çox, 4 şirkətdə 500 min manatdan 1 mln. manata qədər, 6 şirkətdə 100 min manatdan 500 min manata qədər, 5 şirkətdə isə 100 min manatdan da aşağıdır. Şirkətlərdən 17-də sığorta ödənişlərinin artımı, 10-da isə azalması baş verib.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR