Çevik Polis Alayında əməliyyat müşavirəsi keçirilib

Çevik Polis Alayında əməliyyat müşavirəsi keçirilib
# 18 yanvar 2014 11:09 (UTC +04:00)

Bakı – APA. Yanvarın 18-də Çevik Polis Alayında ötən il ərzində görülmüş işlərin yekunlarına və qarşıda duran vəzifələrə həsr olunmuş əməliyyat müşavirəsi keçirilib. DİN-in mətbuat xidmətindən APA-ya verilən məlumata görə, tədbirdə daxili işlər naziri, general-polkovnik Ramil Usubov iştirak edib.

Əməliyyat müşavirəsini açan nazir R. Usubov daxili işlər orqanlarının cinayətkarlıqla mübarizə və ictimai təhlükəsizliyin təmin olunması sahələrində ötən ili də yüksək göstəricilərlə başa vurduğunu deyib.

2013-cü ildə görülmüş işlər və əldə olunmuş nəticələr barədə Çevik Polis Alayının komandiri, polis polkovniki Zaur Abdullayev məruzə ilə çıxış edib. O bildirib ki, ötən il şəxsi heyət müxtəlif cinayət törətmiş 528 nəfərin, o cümlədən oğurluğa görə 133, xuliqanlığa görə 126, narkotik vasitələrin qanunsuz dövriyyəsinə görə 129, dələduzluğa görə 16, digər cinayətlərə görə 27, habelə axtarışda olan 78 şəxsin tutulmasında iştirak edib. Eyni zamanda, müxtəlif inzibati xətalara görə ümumilikdə 26052 nəfər barədə qanunvericiliklə müəyyən edilmiş məsuliyyət tədbirlərinin görülməsi təmin olunub. Cinayətlərə və digər hüquqpozmalara görə tutulmuş şəxslərin sayı əvvəlki illə müqayisədə 11,7 faiz çox olub.

Müşavirəyə yekun vuran daxili işlər naziri Ramil Usubov cinayətkarlığa qarşı mübarizə, ictimai qaydanın və ictimai təhlükəsizliyin təmin edilməsi sahəsində, xüsusən kütləvi tədbirlər zamanı asayişin mühafizəsində Çevik Polis Alayının mühüm funksiyalar yerinə yetirdiyini, hüquq-mühafizə orqanlarının əlaqəli fəaliyyəti sayəsində cinayətkarlığın azaldığını, ölkədə sabitliyin etibarlı qorunduğunu vurğulayıb. Nazir son illər alayın professionallıq və fiziki hazırlıq baxımından xeyli irəlilədiyini, qarşıya qoyulmuş vəzifəni layiqincə və yüksək səviyyədə yerinə yetirən mobil quruma çevrildiyini, paytaxtda ictimai qayda və təhlükəsizliyin, əmin-amanlığın, sabitliyin nümunəvi təminində xüsusi rolu olduğunu xatırladıb.

Çıxışının sonunda R. Usubov əmin olduğunu bildirib ki, alayın əməkdaşları 2014-cü ildə də üzərlərinə düşən vəzifələri yüksək peşəkarlıqla yerinə yetirəcək, xidmətdə, həmçinin şəxsi həyatda başqalarına nümunə olacaq, qarşıya qoyulan bütün tapşırıqların öhdəsindən layiqincə gələcək, ölkədə sabitliyin təminində, əmin-amanlığın nümunəvi qorunmasında qüvvə və bacarığını əsirgəməyəcəklər.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR