Azərbaycan sığorta bazarı son bir ildə 18% artıb

Azərbaycan sığorta bazarı son bir ildə 18% artıb
# 17 oktyabr 2013 10:05 (UTC +04:00)

Bakı. Vahab Rzayev – APA-Economics. Bu ilin yanvar-sentyabr aylarında Azərbaycanda fəaliyyət göstərən sığorta təşkilatları tərəfindən toplanan sığorta haqlarının ümumi həcmi 303,383 mln. manat təşkil edib ki, bu da ötən ilin analoji dövrünün göstəricisi ilə müqayisədə 18,4% çoxdur.


Maliyyə Nazirliyindən «APA-Economics»ə verilən məlumata görə, hesabat dövründə sığorta hadisələri üzrə ödənişlərin ümumi həcmi 30,7% artaraq 88,534 mln. manata çatıb.

Bu müddət ərzində könüllü sığorta növləri üzrə daxilolmaların həcmi 26,5% artaraq 202,507 mln. manat təşkil edib. O cümlədən, həyat sığortası üzrə daxilolmaların həcmi 2,8 dəfə artaraq 29,300 mln. manata, qeyri-həyat sığortası üzrə 15,6% artaraq 173,207 mln. manata çatıb. İcbari sığorta növləri üzrə isə daxilolmalar 4,9% artaraq 100,876 mln. manat olub.

Daxilolmaların strukturunda ən çox sığorta haqqı «Tibbi sığorta» (49,885 mln. manat), «Avtonəqliyyat vasitəsi sahiblərinin mülki məsuliyyətinin icbari sığortası» (48,812 mln. manat), «Avtonəqliyyat vasitələrinin sığortası» (42,571 mln. manat), «Əmlakın yanğından və digər risklərdən sığortası» (36,019 mln. manat), «Həyatın yaşam sığortası» (25,409 mln. manat), «İstehsalatda bədbəxt hadisələr və peşə xəstəlikləri nəticəsində peşə əmək qabiliyyətinin itirilməsi hallarından icbari sığortası» (22,011 mln. manat), «Yüklərin sığortası» (11,656 mln. manat), «Hərbi qulluqçuların dövlət icbari şəxsi sığortası» (11,327 mln. manat) növləri üzrə toplanılıb.

Ödənişlərə gəldikdə isə könüllü həyat sığortası üzrə ödənilən vəsaitlərin həcmi 2,165 mln. manata bərabər olub ki, bu da illik müqayisədə 24,1% azdır. Könüllü qeyri-həyat sığortası üzrə ödənişlər 12,9% artaraq 59,678 mln. manata çatıb. Ümumilikdə, könüllü sığorta növləri üzrə ödənişlər 10,8% artaraq 61,844 mln. manat, icbari sığorta növləri üzrə isə 2,3 dəfə artaraq 26,690 mln. manat təşkil edib.


Ödənişlərin strukturunda ən çox vəsait «Tibbi sığorta» (33,037 mln. manat), «Avtonəqliyyat vasitələrinin sığortası» (19,778 mln. manat), «Avtonəqliyyat vasitəsi sahiblərinin mülki məsuliyyətinin icbari sığortası» (18,625 mln. manat) növləri üzrə ödənilib.


Qeyd edək ki, Azərbaycanda 28 sığorta təşkilatı fəaliyyət göstərir.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR