Joze Manuel Barrozu: "Avropa İttifaqı “Cənub” qaz dəhlizinin uğurlu inkişafı ilə bağlı öz üzərinə düşənləri edəcək"

Joze Manuel Barrozu: "Avropa İttifaqı “Cənub” qaz dəhlizinin uğurlu inkişafı ilə bağlı öz üzərinə düşənləri edəcək"
# 14 iyun 2014 23:47 (UTC +04:00)

Bakı-APA. "Prezident İlham Əliyevin dəvəti ilə yenidən Azərbaycanda olmağımdan çox məmnunam. Bu, mənim Azərbaycana ikinci səfərimdir. Bu, Avropa İttifaqının Azərbaycana və vacib ikitərəfli əlaqələrimizə verdiyi əhəmiyyətin bariz nümunəsidir. Bundan əlavə, bu, mənim ölkənizlə bağlı şəxsi mövqeyimlə əlaqəlidir, çünki ölkənizin müasirləşməsi istiqamətində atılan addımlar məni valeh edir”. APA-nın məlumatına görə, bu fikirləri iyunun 14-də Bakıda rəsmi səfərdə olan Avropa Komissiyasının sədri Joze Manuel Barrozu mətbuata bəyanatında bildirib.

Sonuncu dəfə Azərbaycanda 2011-ci ildə olduğunu bildirən Avropa Komissiyasının sədri, üç ildən sonra burada böyük yeniliklərin şahidi olduğunu qeyd edib: “Ölkəniz gündən-günə müasirləşir, eyni zamanda, ölkəniz özünün ənənələri və tarixi irsi ilə fəxr edir. Zənnimcə, bu, çox vacib bir məsələdir”.

Prezident İlham Əliyevlə bir necə dəfə - ötən il Brüsseldə və daha sonra “Şərq tərəfdaşlığı” Sammiti çərçivəsində Vilnüsdə görüşdüklərini xatırladan Joze Manuel Barrozu artmaqda olan görüşlərin və fikir mübadiləsinin möhkəmlənməkdə olan münasibətlərin göstəricisi olduğunu bildirib: “Bu münasibətlər həm Azərbaycan xalqı, həm də Avropa İttifaqı vətəndaşlarının firavanlığı naminə inkişaf edəcək. Biz bu gün ikitərəfli münasibətlərimizə dair və bir sıra regional məsələlər ətrafında geniş fikir mübadiləsi apardıq. Biz əlaqələrimizin gələcək inkişaf istiqamətlərinə toxunduq və qeyd etmək istərdim ki, Azərbaycan bizim üçün çox mühüm tərəfdaşdır. Məsələn, biz enerji sahəsində strateji etibarlı tərəfdaş əldə etmişik. Biz bundan sonra da bu istiqamətdə demokratiya və birgə dəyərlər, xüsusilə də fundamental azadlıqlar üzərində qurulmuş uzunmüddətli əməkdaşlığı davam etdirmək niyyətindəyik. Mən Prezident Əliyevə açıq şəkildə bildirdim ki, çoxpartiyalı demokratiya, açıq cəmiyyət, açıq iqtisadiyyat davamlı sülh və sabitliyin əldə olunması üçün ən yaxşı vasitədir. Biz hesab edirik ki, çiçəklənən vətəndaş cəmiyyəti demokratiya üçün çox vacib məsələdir və uzunmüddətli sabitliyi təmin edir, müasir dövrdə dövlətlərin və cəmiyyətlərin müasirləşməsinin mühüm elementidir”.

Bakıda olmağının daha bir səbəbinin yaradılan çox güclü enerji tərəfdaşlığının olduğunu bildirən Avropa Komissiyasının sədri bu tərəfdaşlığın təməlinin prezident İlham Əliyevlə birgə bir neçə il öncə qoyulduğundan fəxr etdiyini vurğulayıb: “Azərbaycan bu gün Avropa İttifaqının ən böyük və etibarlı enerji tərəfdaşlarından biridir və təkcə iqtisadiyyata deyil, enerji təhlükəsizliyinə də öz töhfəsini verməkdədir. Məmnunam ki, biz “Cənub” qaz dəhlizi ilə bağlı irəliləyişi də müzakirə etdik. Mən və Prezident Əliyev bu sahədə bir neçə il ərzində çox fəal çalışmışıq və şadıq ki, biz artıq real addımların atılmasının şahidiyik”.

“Bu gün biz “Şahdəniz” qazının - Avropa istehlakçılarına nəql olunacaq qazın başlanğıc nöqtəsi olan Səngəçal terminalına birlikdə səfər edəcəyik. Bu, ilk mərhələdə 2019-cu ildən etibarən əlavə 10 milyard kubmetr qazın Avropaya nəql edilməsi deməkdir və gələcəkdə qazın həcmi artacaq. Biz “Cənub” qaz dəhlizi layihəsinin sürətləndirilməsi və genişləndirilməsi məsələsinə də toxunduq və razılığa gəldik ki, qarşıdan gələn illər ərzində bu məsələ bizim qarşılıqlı prioritetimiz olacaq. Mən bu layihənin inkişafı ilə bağlı əlavə imkanların müzakirəsini nəzərdə tuturam”, deyə Barrozu bildirib.

Joze Manuel Barrozu bəyan edib ki, Avropa İttifaqı “Cənub” qaz dəhlizinin uğurlu inkişafı ilə bağlı öz üzərinə düşənləri edəcək: “Bu, istehlakçılar və mənbələrin şaxələndirilməsi işində mühüm məsələdir. Eyni zamanda, bu, Avropa Komissiyası tərəfindən Şuraya təqdim edilmiş Avropa İttifaqının enerji təhlükəsizliyi strategiyasının tərkib hissəsidir. Həmin strategiya bu ayın 27-də Avropa İttifaqı Şurasında müzakirəyə çıxarılacaq”.

Barrozunun sözlərinə görə, enerji əməkdaşlığına diqqət yönəltməyinin səbəbi odur ki, ötən illərdə bu sahədə böyük nailiyyətlər əldə edilib: “Lakin Azərbaycan ilə Avropa İttifaqı arasında çox mühüm əməkdaşlığı nəzərə alsaq, biz yalnız enerji sahəsi ilə məhdudlaşmamalıyıq və münasibətlərimizin digər sahələrdə də genişləndirilməsi arzusundayıq. Yeri gəlmişkən, biz ticarət sahəsində də çox vacib tərəfdaşıq. Siyasi sahədə də dialoqumuz genişlənir və dərinləşir.

Dediklərimin konkret nümunəsi Azərbaycanın Avropa İttifaqının müxtəlif proqramlarında iştirakını təmin edəcək az öncə burada imzalanan Sazişdir. Bu, elm, təhsil, ətraf mühit və istehlak siyasəti, səhiyyə kimi sahələrdə əməkdaşlığımızı inkişaf etdirəcək”.

“Görüşümüzdə Prezident Əliyev təhsilin Azərbaycanın inkişafı və müasirləşməsi üçün nə dərəcədə əhəmiyyətli məsələ olduğunu diqqətə çatdırdı. Mən şadam ki, Azərbaycandan olan çoxsaylı alim və tələbələr Avropa İttifaqının təhsil ocaqlarında, elm mərkəzlərində çalışır və təhsil alırlar. Bu da çox ümidverici sahədir. Biz Azərbaycan ilə əlaqələri genişləndirmək arzusundayıq və bu mənada assosiativ üzvlüklə bağlı dəvətimiz qüvvədədir.

Eyni zamanda, biz anlayırıq və bunu açıq şəkildə müzakirə etdik ki, “Şərq tərəfdaşlığı” çərçivəsində vahid modelin bütün dövlətlərə şamil edilməsinə çalışmamalıyıq. Əminəm ki, əməkdaşlığımızın “Şərq tərəfdaşlığı” dəyərləri üzərində qurulması vacibdir və vaxt yetişib ki, əməkdaşlığımız konkret nəticələrlə ölçülsün. Prezident Əliyevlə belə bir razılığa gəldik ki, Strateji Müasirləşmə Tərəfdaşlığı sənədinin müzakirəsinə təkan verək və onu sürətləndirək. Ümid edirəm ki, bu danışıqlar yaxın aylarda başa çatacaq. Çox şad olardım ki, yaxın gələcəkdə Prezident Əliyev Brüsselə səfər etsin və həmin sənədi imzalasın. Bununla da bu, Sizin Brüsselə altıncı səfəriniz olacaq və futbol termini ilə desək, hesab 6:2 Sizin xeyrinizə olacaq”, deyə Barrozu bildirib.

Avropa Komissiyasının sədri qeyd edib ki, 2013-cü ildə Avropa İttifaqı ilə Azərbaycan arasında ticarət dövriyyəsinin həcmi 17,9 milyard avroya çatıb: “Bu isə Azərbaycanın xarici ticarətinin 42 faizi deməkdir. Bu, ölkənizdə Avropa şirkətləri üçün geniş imkanların olduğunu göstərir. Prezident Əliyev burada çox düzgün qeyd etdi ki, Avropa İttifaqı və Avropa Komissiyası ilə əməkdaşlıqla yanaşı, ikitərəfli formatda üzv dövlətlərlə də uğurlu əməkdaşlıq mövcuddur. Biz üzv ölkələrin dövlət və hökumət başçılarının Azərbaycana tez-tez səfərə gəlməsini və yaxınlarda Prezident Əliyevin Avropa İttifaqına üzv dövlətlərə nəzərdə tutulmuş səfərini alqışlayırıq.

Eyni zamanda, qeyd etmək lazımdır ki, bizim əməkdaşlığımız hökumətlər və dövlət qurumları arasında əməkdaşlıqla məhdudlaşmır. Biz xalqlarımızı və cəmiyyətlərimizi bir araya gətirmək üçün çalışırıq və Prezident Əliyev Avropa Komissiyasına səfər edərkən Azərbaycan və Avropa İttifaqının mümkün qədər yaxın olması arzusunu ifadə etmişdi”.

Bu yaxınlarda viza sadələşdirilməsi və readmissiya Sazişinin imzalandığını xatırladan Barrozu bu sazişin Azərbaycan və Avropa İttifaqı arasında gediş-gəlişin sadələşdirəcəyinə ümidvar olduğunu bildirib. Onun sözlərinə görə, Açıq səma Sazişi də bu sahədə öz töhfəsini verə bilər.

Avropa Komissiyasının sədri görüşdə Dağlıq Qarabağ münaqişəsinin də müzakirə olunduğunu bildirib: “Avropa İttifaqının qənaətinə görə bu münaqişənin ədalətli həlli olmadan Cənubi Qafqazda sülh və sabitlik bərqərar olmayacaq. Status-kvo davamlı deyil. Biz ATƏT-in Minsk qrupunun vasitəçilik missiyasını və irəliləyişin əldə edilməsi çağırışlarını dəstəkləyirik. Mən bu münaqişənin həllində Avropa İttifaqının münaqişə tərəflərinin mövqelərinin yaxınlaşdırılmasında konstruktiv rol oynamağa hazır olduğunu Prezident Əliyevin diqqətinə çatdırdım. Bundan əlavə, biz Ukrayna kimi qlobal və regional əhəmiyyətli məsələləri müzakirə etdik”.

Joze Manuel Barrozu Azərbaycanın AB üçün çox yaxın tərəfdaş olduğunu və tərəflərin artıq enerji sahəsində strateji tərəfdaşlıq səviyyəsinə yüksəldiyini qeyd edib: “Ümid edirəm ki, Sizin rəhbərliyiniz və dəstəyiniz sayəsində biz yaxın zamanlarda Strateji Modernləşmə Tərəfdaşlığı Sazişini imzalayacağıq ki, bu da qeyd etdiyimiz kimi, Azərbaycanı Avropa İttifaqına mümkün qədər yaxınlaşdıracaq. Qeyd edə bilərəm ki, aramızda yüksək səviyyəli strateji etibar da mövcuddur”.

Barrozu Azərbaycanın beynəlxalq müstəvidə qlobal sülh və təhlükəsizlik üçün mühüm əhəmiyyət kəsb edən məsələlərdə tutduğu mövqeyə görə minnətdarlıq bildirib: “Burada biz görürük ki, Azərbaycan və Avropa İttifaqının mövqeləri bir-birinə çox yaxındır. Bu səbəbdən biz əməkdaşlığı inkişaf etdirmək arzusundayıq. Təbii ki, bu əməkdaşlıq demokratiya və qanunun aliliyi kimi birgə dəyərlər üzərində qurulmalıdır”.

Avropa Komissiyasının sədri görüşün ikitərəfli münasibətlərin möhkəmləndirdiyini qeyd edib: “Avropa İttifaqı olaraq biz Azərbaycan ilə açıq, səmərəli əməkdaşlığı dərinləşdirmək niyyətindəyik, siyasi, iqtisadi və sosial müasirləşmə kimi strateji əhəmiyyətli məsələlərdə Azərbaycana dəstək verməyə hazırıq. Hesab edirik ki, bu, eyni zamanda, Avropa İttifaqının marağındadır və həmin səbəbdən bu əməkdaşlığı inkişaf etdiririk”.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR