Ötən il Azərbaycanda 5 mindən çox pedaqoji kadr İKT sahəsi üzrə təlimlərdən keçirilib

Ötən il Azərbaycanda 5 mindən çox pedaqoji kadr İKT sahəsi üzrə təlimlərdən keçirilib
# 03 yanvar 2014 07:56 (UTC +04:00)

Bakı. Könül Kamilqızı - APA. Ötən il Azərbaycanda İKT sahəsi üzrə müəllimlərin kadr potensialının gücləndirilməsi istiqamətində müəyyən işlər görülüb. Təhsil Nazirliyindən APA-ya verilən xəbərə görə, təhsil sisteminin pedaqoji heyətinə tədris prosesində informasiya və kommunikasiya texnologiyalarından (İKT) effektiv istifadə edilməsi üçün İntel "Gələcək üçün təhsil" təlim vəsaitləri əsasında treninq keçirilib. Həmin vəsait üzrə 1135 nəfər müəllimə 48 saatlıq təlimlər aparılıb. İntel "Gələcək üçün təhsil" proqramı ümumtəhsil və ali pedaqoji müəssisələrin müəllimlərinin tədris prosesində İKT-dən səmərəli istifadə etmələri üçün treninq vəsaitidir. Treninqin proqramı 12 auditoriya məşğələsi modulundan ibarətdir. Hər modulda müəllimlər öz tədris layihələri üzərində işləyirlər.

Təhsil Nazirliyi tərəfindən seçilmiş pilot məktəblərin 210 nəfər pedaqoji heyəti üçün "Həmkara dəstək" layihəsi üzrə 48 saatlıq, 405 nəfər laborant heyəti üçün İKT üzrə savadlılığın artırılmasına yönəldilmiş treninqlər keçirilib. Seçilmiş pilot məktəblərin 660 nəfər pedaqoji heyəti üçün "Fənlər üzrə elektron təhsil resurslarının hazırlanması" layihəsi çərçivəsində 48 saatlıq, 1200 nəfər pedaqoji heyəti üçün isə təhsil portalından istifadə üzrə savadlılığının artırılmasına yönəldilmiş treninqlər icra edilib. Bununla bərabər, Milli Təhsil Məlumat Bazasının istifadəsinin təbliği sahəsində 1750 nəfər üçün 48 saatlıq treninqlər keçirilib.
Xüsusi qayğıya ehtiyacı olan uşaqların distant təhsilinin icrasını təmin etmək məqsədilə İKT avadanlıqlarından və texniki vasitələrdən istifadəyə dair 66 nəfər müəllim, valideyn və şagird heyətinə təlimlər keçirilib. Eyni zamanda 22 nəfər müəllim heyətinə "Fənlər üzrə elektron təhsil resurslarının hazırlanması" layihəsi üzrə 48 saatlıq treninqlər təşkil olunub.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR