AŞPA Monitorinq Komitəsində Azərbaycanda keçirilən prezident seçkiləri ilə bağlı məlumat xarakterli müzakirə aparılıb

AŞPA Monitorinq Komitəsində Azərbaycanda keçirilən prezident seçkiləri ilə bağlı məlumat xarakterli müzakirə aparılıb
# 08 noyabr 2013 09:25 (UTC +04:00)

Bakı – APA. Noyabrın 7-də Parisdə Avropa Şurası Parlament Assambleyası (AŞPA) Monitorinq Komitəsinin növbəti iclası keçirilib. Monitorinq Komitəsinin iclasında Azərbaycanı ölkənin AŞPA-dakı nümayəndə heyətinin rəhbəri Səməd Seyidov və nümayəndə heyətinin, eləcə də Monitorinq Komitəsinin üzvü Elxan Süleymanov təmsil ediblər.

Elxan Süleymanovun APA-ya verdiyi məlumata görə, iclasda Azərbaycanda keçirilən prezident seçkiləri ilə bağlı məlumat xarakterli müzakirələr olub: “Müzakirələr zamanı seçkilərdə AŞPA müşahidə missiyasının rəhbəri Robert Uolter və Azərbaycan üzrə həmməruzəçi Pedro Aqramuntla yanaşı, daha 12 nəfər parlament üzvü çıxış etdi. Çıxış edənlərin demək olar ki, mütləq əksəriyyəti Azərbaycanda prezident seçkilərinin azad, ədalətli və şəffaf keçirildiyini, ATƏT və Avropa Şurasının standartlarına uyğun olduğunu vurğuladılar. Azərbaycan nümayəndə heyətinin rəhbəri Səməd Seyidov prezident seçkiləri ilə bağlı geniş məlumat verdi və ATƏT DTİHB-nin qərəzli mövqeyini təkzibolunmaz faktlarla ifşa etdi”.

İclasda E. Süleymanov da çıxış edib. O deyib ki, prezident seçkilərini müşahidə edən 4 beynəlxalq müşahidə missiyasından üçü – AŞPA, Avropa Parlamenti və ATƏT PA seçkiləri müsbət qiymətləndiriblər, ATƏT DTİHB-nin müşahidə missiyası isə fərqli mövqedən çıxış edib. E. Süleymanov çıxışında seçkilərlə bağlı geniş şərh verərək bildirib ki, istər ölkə daxilində, istərsə də xaricdə olan bəzi qüvvələr seçkilərin belə müsbət qiymətləndiriləcəyini gözləmirdilər: “Onlar ümid edirdilər ki, beynəlxalq təşkilatlar seçkilərə mənfi rəy verəcək və bununla da onlar Azərbaycanı avtoritar ölkə kimi təqdim etmək imkanı əldə edəcəklər. Lakin bu plan baş tutmadı. Bundan qəzəblənən həmin qüvvələr Azərbaycana qarşı ədalətsiz hücumlara start verdilər. Seçkiləri müsbət qiymətləndirən 3 nüfuzlu beynəlxalq qurumun müşahidə missiyasında parlamentarlar təmsil olunurlar. Onlar azad və müstəqil insanlardır, heç bir qurumdan və şəxsdən asılı deyillər. Bu insanlar İnsan Haqları Evinin nümayəndələridirlər. Demokratiyanın beşiyi olan parlament üzvləridir. ATƏT DTİHB-nin müşahidə missiyasının üzvləri isə əvvəlcədən təlim keçərək formalaşmaqla özlərindən yüksək ranqlı məmurlardan göstərişlər alan, həmin göstərişlərə əməl etməsələr, iş yerlərini, eləcə də digər seçkilərdə müşahidəçi kimi iştirak etmək imkanlarını itirə biləcəkləri qorxusunu yaşayan kiçik ranqlı məmurlardan ibarətdir. Təsadüfi deyil ki, ATƏT-in fəaliyyətdə olan hazırkı sədri də ATƏT DTİHB-nin müşahidə missiyasının yox, parlament üzvlərindən formalaşmış 3 beynəlxalq müşahidə missiyasının seçkilərlə bağlı müsbət bəyanatlarını dəstəkləyib. ATƏT DTİHB müşahidə missiyasının qərəzli olduğunu və yalan məlumatlar verdiyini sübut edən bir fakta diqqətinizi yönəldirəm. Hesabatda sənədin guya ATƏT DTİHB və ATƏT PA-nın birgə səyləri nəticəsində hazırlanması barədə iddialara ATƏT PA müşahidə missiyasının koordinatoru və qısamüddətli müşahidə missiyasının rəhbəri Mişel Vuazen cavab verərək bildirib ki, ATƏT PA müşahidə missiyasının üzvləri bu sənədin hazırlanmasında iştirak etməyiblər. ATƏT PA missiyasının rəhbəri kimi o, özü həmin sənədin hazırlanmasında deyil, müzakirəsində iştirak edib və qəbul edilən sənədə etirazını bildirib”.

E. Süleymanov Avropa Parlamentinin Avropa Qonşuluq Siyasəti üzrə 23 oktyabr tarixli qətnaməsinin 32-ci bəndinə də münasibət bildirib: “Avropa Parlamenti bununla öz müşahidə missiyasının seçkilərlə bağlı müsbət qiymətləndirməsinə hörmətsizlik və inamsızlıq nümayiş etdirib, ATƏT-in bir bürosunun (DTHİB) nəticələrinə istinad edərək seçkilərin ATƏT standartlarına cavab vermədiyini bəyan edib. Buradan haqlı sual doğur, Avropa Parlamentinin faktiki mövqeyi nədir? Azərbaycanla əməkdaşlıq etmək, Cənubi Qafqazda sülh və sabitlik yaratmaq istəyirmi? Öz hesabatlarını və nümayəndə heyətlərini tanıyırmı?! Avropa Parlamentinin və digər beynəlxalq təşkilatların təcrübəsində heç vaxt olmayan, öz rəsmi müşahidə missiyasına saymazyana yanaşmaqla tərəfdaşına qarşı belə anormal vəziyyəti yaratmaqda məqsədi nədir? Avropa Parlamenti öz müşahidə missiyasına inamsızlıq etməklə əslində Azərbaycana yox, öz imicinə zərbə vurub”.

E. Süleymanov çıxışını ölkə daxilində və xaricində Azərbaycanın uğurlarına kölgə salmaq istəyənlərə xitabən bu sözlərlə bitirib: “Şübhəsiz, qalibin qələbəsini etiraf etmək lazımdır”.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR