İran XİN rəhbəri: “İran uranın zənginləşdirilməsini davam etdirəcək”

İran XİN rəhbəri: “İran uranın zənginləşdirilməsini davam etdirəcək”
# 01 noyabr 2013 16:23 (UTC +04:00)

Bakı. Real Cəfərli - APA. “İran uranın zənginləşdirilməsini davam etdirəcək”. APA-nın “Mehr” xəbər agentliyinə istinadən verdiyi məlumata görə, bunu İranın xarici işlər naziri Məhəmməd Cavad Zərif İstanbulda jurnalistlərə açıqlamasında bildirib. O deyib ki, uranın 20% həcmində zənginləşdirilməsi məsələsində heç bir dəyişiklik baş verməyib: “İran uranın zənginləşdirilməsini Atom Enerjisi üzrə Beynəlxalq Agentliyin nəzarəti altında davam etdirir”.

M. C. Zərif qeyd edib ki, İran bəzi anlaşılmazlıqları aradan qaldırmaq üçün “altılıq” ölkələri ilə yaxşı niyyətlə müzakirələr aparır: “Problemləri həll etmək üçün zaman lazımdır. İran dəfələrlə nüvə silahı istehsal etmək niyyətində olmadığını açıqlayıb. Çünki bu cür silahlara İranın müdafiə doktrinasında yer yoxdur. Biz bu silahların xalqlara fəlakətdən başqa bir şey gətirməyəcəyinə inanırıq”.

İran XİN rəhbəri Suriya böhranı ilə bağlı Cenevrədə keçirilməsi planlaşdırılan növbəti konfransa da toxunub: “İran konfransa dəvət edildiyi təqdirdə Suriya böhranının həll edilməsi məsələsinə yardımçı olmaq üçün qatılmağa hazırdır. Ancaq heç bir kənar qüvvənin Suriya xalqının müqəddəratını təyin etməyə haqqı yoxdur”.

M. C. Zərif İranın Suriyada hərbçi saxlamadığını da vurğulayıb: “Amma təəssüflər olsun ki, bəzi ölkələr Suriyada “əl-Qaidə” terror təşkilatını silahla təmin edir. Bu vəziyyət də beynəlxalq qanunlara ziddir. Bütün tərəflərin bölgədə radikalizm və qarşıdurmaların qarşısını almaq üçün yardım göstərməsi lazımdır”.

Qeyd edək ki, hazırda İran XİN rəhbəri Türkiyədə səfərdədir. M. Zərif İstanbul şəhərində keçirilən regional və beynəlxalq tərksilah konfransında (PugWash) iştirak edir.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR