Azərbaycanın sığorta bazarı son bir ildə 18% artıb

Azərbaycanın sığorta bazarı son bir ildə 18% artıb
# 13 dekabr 2013 11:23 (UTC +04:00)

Bakı. Vahab Rzayev - APA-Economics. Bu ilin yanvar-noyabr aylarında Azərbaycanda fəaliyyət göstərən sığorta təşkilatları tərəfindən toplanan sığorta haqlarının ümumi həcmi 368,880 mln. manat təşkil edib ki, bu da ötən ilin analoji dövrünün göstəricisi ilə müqayisədə 17,9% çoxdur.


Maliyyə Nazirliyindən «APA-Economics»ə verilən məlumata görə, hesabat dövründə sığorta hadisələri üzrə ödənişlərin ümumi həcmi 34,3% artaraq 110,483 mln. manata çatıb.

Bu müddət ərzində könüllü sığortalar üzrə daxilolmaların həcmi 25,7% artaraq 242,849 mln. manat təşkil edib. O cümlədən həyat sığortası üzrə daxilolmaların həcmi 3,0 dəfə artaraq 40,839 mln. manat, qeyri-həyat sığortası üzrə 12,5% artaraq 202,010 mln. manata çatıb. İcbari sığorta növləri üzrə daxilolmalar 5,4% artaraq 126,031 mln. manat olub.

Daxilolmaların strukturunda ən çox sığorta haqqı «Avtonəqliyyat vasitəsi sahiblərinin mülki məsuliyyətinin icbari sığortası» (65,227 mln. manat), «Tibbi sığorta» (57,105 mln. manat), «Avtonəqliyyat vasitələrinin sığortası» (51,812 mln. manat), «Əmlakın yanğından və digər risklərdən sığortası» (40,960 mln. manat), “Həyatın yaşam sığortası” (35,687 mln. manat), “İstehsalatda bədbəxt hadisələr və peşə xəstəlikləri nəticəsində peşə əmək qabiliyyətinin itirilməsi hallarından icbari sığortası” (22,984 mln. manat), “Hərbi qulluqçuların dövlət icbari şəxsi sığortası” (15,605 mln. manat), “Yüklərin sığortası” (14,108 mln. manat) növləri üzrə toplanılıb.

Ödənişlərə gəldikdə, könüllü həyat sığortası üzrə ödənilən vəsaitlərin həcmi 2,386 mln. manata bərabər olub ki, bu da illik müqayisədə 20,0% azdır. Könüllü qeyri-həyat sığortası üzrə ödənişlər 16,7% artaraq 74,740 mln. manata çatıb. Ümumilikdə könüllü sığortalar üzrə ödənişlər 15,1% artaraq 77,126 mln. manat, icbari sığorta növləri üzrə isə 2,2 dəfə artaraq 33,356 mln. manata çatıb.


Ödənişlərdə ən çox vəsait «Tibbi sığorta» (41,920 mln. manat), «Avtonəqliyyat vasitələrinin sığortası» (25,048 mln. manat), «Avtonəqliyyat vasitəsi sahiblərinin mülki məsuliyyətinin icbari sığortası» (27,131 mln. manat) növləri üzrə ödənilib.


Qeyd edək ki, Azərbaycanda 28 sığorta təşkilatı fəaliyyət göstərir.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR