Hərbi Prokurorluqda Heydər Əliyevin 91 illiyinə həsr olunmuş elmi-praktik konfrans keçirilib

Hərbi Prokurorluqda Heydər Əliyevin 91 illiyinə həsr olunmuş elmi-praktik konfrans keçirilib
# 07 may 2014 09:38 (UTC +04:00)

Bakı. Hafiz Heydərov - APA. RespublikaHey Hərbi Prokurorluğunda “Heydər Əliyev Azərbaycanda hüquqi dövlət quruculuğunun banisidir” mövzusunda elmi-praktik konfrans keçirilib.

Qurumun mətbuat xidmətindən APA-ya verilən məlumata görə, ümummilli lider Heydər Əliyevin anadan olmasının 91 illiyinə həsr olunmuş elmi-praktik konfransda baş prokurorun müavini - hərbi prokuror, ədliyyə general-leytenantı Xanlar Vəliyev məruzə ilə çıxış edərək, müasir müstəqil dövlətimizin memarı və qurucusu, dünya şöhrətli siyasi xadim, görkəmli dövlət xadimi Heydər Əliyevin müasir Azərbaycan tarixindəki rolu, demokratik, hüquqi dövlət quruculuğu istiqamətində həyata keçirdiyi uğurlu islahatlar barədə ətraflı məlumat verib.

X.Vəliyev qeyd edib ki, Respublika Hərbi Prokurorluğunun inzibati binasında Heydər Əliyev irsinin araşdırılması məqsədi ilə müasir elektron kitabxana yaradılıb. Heydər Əliyevin gərgin və məqsədyönlü fəaliyyəti nəticəsində bu gün ölkəmiz inkişaf etmiş dünya dövlətləri sırasında öz xüsusi yeri olan bir dövlətə çevrildiyini vurğulayan hərbi prokuror həyata keçirilən mütərəqqi və beynəlxalq standartlara uyğun islahatlar nəticəsində ölkəmizdə demokratik və hüquqi dövlətin qurulduğunu, iqtisadi müstəqilliyə nail olunduğunu, xalqımızın xoşbəxt gələcəyi üçün bütün təminatlar yaradıldığını, dönməz ictimai-siyasi sabitlik və əmin-amanlıq bərqərar olmaqla, qanunçuluğun aliliyinə əsaslanan sivil vətəndaş cəmiyyətinin formalaşdırıldığını bildirib.

X.Vəliyev həmçinin deyib ki, prokurorluq orqanlarının dövlətçiliyimizin maraqlarına, qanunun aliliyinə, insan və vətəndaş hüquqlarının müdafiəsinə xidmət edən sivil və demokratik bir quruma çevrilməsi, onun fəaliyyətinin hərtərəfli təminatı üçün qanunverici, maddi və sosial bazanın yaradılması Heydər Əliyevin siyasi iradəsinin bəhrəsidir.

Heydər Əliyevin siyasi xəttinin davamçısı prezident İlham Əliyevin respublikamızda hüquqi islahatları uğurla davam etdirdiyini vurğulayan hərbi prokuror bu gün dövlətimizin başçısının Azərbaycanın iqtisadi və sosial inkişafına, ölkədə sülhün, təhlükəsizliyin, əmin-amanlığın qorunmasına verdiyi töhfələrdən bəhs edib. Xüsusilə vurğulanıb ki, prezident İlham Əliyevin yeritdiyi dövlətçilik siyasəti Heydər Əliyevin müəyyənləşdirdiyi strateji inkişaf konsepsiyasının reallaşdırılmasını və Azərbaycanın hərtərəfli tərəqqisini təmin edir.

Konfransda Respublika Hərbi Prokurorluğunun Ağır cinayətlərə dair işlər üzrə istintaq idarəsinin mühüm işlər üzrə böyük müstəntiqi, ədliyyə mayoru Fərid Seyidov çıxış edərək, Heydər Əliyevin gənclərə göstərdiyi diqqət və qayğısını xüsusi vurğulayıb.

Mərasimə yekun vuran X.Vəliyev Hərbi Prokurorluğun kollektivinin Heydər Əliyevin dövlətçilik ideyalarına həmişə sadiq qalacağını, müstəqilliyimizin, ictimai-siyasi sabitliyin və əmin-amanlığın hər cür cinayətkar qəsdlərdən qorunması istiqamətində prezident İlham Əliyev tərəfindən həyata keçirilən dövlətçilik tədbirlərində həmişə yaxından iştirak edəcəyini bəyan edib.

Mərasimin sonunda Respublika Hərbi Prokurorluğunun xidmətdə fərqlənən əməkdaşlarına hərbi rütbələr verilib, Heydər Əliyevin həyat və fəaliyyətindən bəhs edən film nümayiş etdirilib.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR