Masallının Boradigah qəsəbəsində yeni idman mərkəzinin açılışı olub - FOTOSESSİYA

Masallının Boradigah qəsəbəsində yeni idman mərkəzinin açılışı olub - <span style="color: red;">FOTOSESSİYA
# 29 dekabr 2013 20:02 (UTC +04:00)

Masallı. Ağəddin Babayev – APA. Dekabrın 29-da Masallı rayonunun Boradigah qəsəbəsində yeni idman mərkəzinin açılışı olub. APA-nın cənub bürosunun məlumatına görə, bu münasibətlə keçirilən mərasimdə çıxış edən Masallı Rayon İcra Hakimiyyətinin başçısı Rafil Hüseynov, Milli Məclisin deputatı Elmira Axundova, respublika Alternativ və Bərpa Olunan Enerji Mənbələri üzrə Dövlət Agentliyinin sədr müavini vəzifəsini icra edən Cəmil Məlikov və digərləri yeni idman mərkəzinin istifadəyə verilməsi ilə qəsəbə idmançılarının gələcəkdə daha böyük uğurlara imza atacaqlarına əminliyini ifadə edib.

Bildirilib ki, Alternativ və Bərpa Olunan Enerji Mənbələri üzrə Dövlət Agentliyinin sifarişi ilə “Xəzər” Gənclərin Elmi Texniki Yaradıcılıq Mərkəzinin inşaatçıları tərəfindən 2012-ci ilin iyul ayından 1600 kvadratmetr ərazidə tikintisinə başlanılan idman mərkəzinin elektrik sistemi günəş panelləri ilə təchiz olunub. Binanın damında 70 kilovat enerji verən 280 ədəd günəş panelləri quraşdırlıb. Burada 9 nəfər daimi işlə təmin olunub.

2,5 hektar ərazini əhatə edən idman mərkəzinin ərazisində gələcəkdə stadionun və otelin tikilməsi də nəzərdə tutulub.

Mərkəzin qış idman zalında mini-futbol, voleybol, basketbol, həndbol, güləş və atletika yarışlarının keçirilməsi üçün hər cür şərait yaradılıb. Burada, həmçinin, məşq otaqları inşa edilib, trenajorlar quraşdırılıb.

Alternativ və Bərpa Olunan Enerji Mənbələri üzrə Dövlət Agentliyinin sədr müavini vəzifəsini icra edən Cəmil Məlikov APA-nın yerli bürosuna açıqlamasında prezident İlham Əliyevin 2010-cu il 18 yanvar tarixli sərəncamı ilə Sənaye və Energetika Nazirliyinin tərkibində yaradılan Agentliyin 2013-cü il fevralın 1-dən müstəqil qurum kimi fəaliyyət göstərdiyini bildirib.

Hazırda Beyləqan rayonunda da alternativ enerji ilə işləyəcək eyni tipli idman mərkəzinin inşa olunduğunu dilə gətirən C. Məlikov bu ilin oktyabr ayında Qobustan Eksperimental Poliqonu tərəfindən 1 milyon kv/saat elektrik enerjisinin dövlət enerji sisteminə verildiyini diqqətə çatdırıb.

Mərasimdə çıxış edən qəsəbə sakinləri, yerli idmançılar Dünya Azərbaycanlılarının Həmrəylik günü və Yeni il ərəfəsində onlara ərmağan edilən bu gözəl hədiyyəyə görə ölkə başçısına minnətdarlıqlarını bildiriblər.

İdman Mərkəzinin açılışını bildirən rəmzi qırmızı lent kəsildikdən sonra qonaqlar burada yaradılan şəraitlə yaxından tanış olublar.

Milli Məclisin deputatı Elmira Axundova idmançılara idman geyimləri və futbol topları hədiyyə edib.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR