Fariz Nəcəfov: “Bu, hər şey demək deyil”

Fariz Nəcəfov: “Bu, hər şey demək deyil”
# 24 iyun 2014 09:49 (UTC +04:00)

Bakı – APA. “Bəxtimizə kifayət qədər avrokuboklar təcrübəsi olan bir komanda düşüb. Bu komanda 2004/05 mövsümündən etibarən daim Avropada Bosniya və Herseqovinanı təmsil edir. Biz isə avrokuboklarda debütantıq”. Bunu apasport.az saytına “Qəbələ”nin vitse-prezidenti Fariz Nəcəfov deyib.

“Qəbələ” avrokuboklarda debütünü Avroliqanın I təsnifat mərhələsində “Şiroki Briyeq”lə görüşdə edəcək. Nəcəfovun sözlərinə görə, bu amil hələ “Şiroki Briyeq”in mərhələ keçəcəyinə dəlalət etmir: “Bu, hər şey demək deyil. Biz komandamıza inanır və güvənirik. Baş məşqçimiz də özünə əmindir. İnanırıq ki, bu rəqibi keçmək imkanımız var”.

Nəcəfov “Şiroki Briyeq”in 2004-cü ildə “Neftçi” ilə görüşlərinə də toxundu: “Onların “Neftçi” ilə qarşılaşmalarından 10 il keçib. O vaxtdan bəri bu komandada çox dəyişiklik olub. İndi “Şiroki Briyeq” tam fərqli bir komandadır. Azarkeşlərimizə onu söz verə bilərəm ki, komandamız mərhələ keçməsi üçün əlindən nə gəlirsə, edəcək. Uğurumuzun olub-olmaması bu komanda ilə oyunlardan sonra bilinəcək. Hər halda, var gücümüzlə hazırlaşırıq. Məşqçilər və futbolçular bilir ki, ilk dəfə avrokuboklara vəsiqə qazanmışıq. Ona görə də istəyirik ki, “siftə”ni uğurlu edək”.

İyulun 3-də ilk dəfə Qəbələdə Avroliqa matçı keçiriləcək. Klubun vitse-prezidenti bu matç ərəfəsində şəhərdə anşlaq olacağını bildirdi: “Bu görüş öncəsi anşlaq olacağı istisna deyil. Bu işlərlə klubumuzun marketinq departamenti məşğul olacaq. Çalışacağıq ki, debüt etdiyimiz üçün Qəbələ əhalisinin bütün diqqətini iyulun 3-də bu matça yönəldək”.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR