Milli Şuranın üzvü: “Milli Şuradakı partiya və liderlər arasında çox ciddi rəqabət gedir”

Milli Şuranın üzvü: “Milli Şuradakı partiya və liderlər arasında çox ciddi rəqabət gedir”
# 08 noyabr 2013 15:02 (UTC +04:00)

Bakı. Etibar Məmmədov - APA. “Seçkidən sonra heç bir əsas olmadan Rüstəm İbrahimbəyovu Milli Şura sədrliyindən kənarlaşdırmaq və Cəmil Həsənlini sədr seçmək cəmiyyəti çaşdırar”.

Bunu “EL” Hərəkatının sədr müavini, Milli Şuranın üzvü Zəfər Quliyev APA-ya açıqlamasında deyib.

Z. Quliyev hesab edir ki, indiki mərhələdə bir çox məqamlara görə, Milli Şurada Həmsədrlik İnstitutunun yaradılması ən optimal variantdır. O, Milli Şuranın bəzi üzvlərinin həmsədrlik məsələsinə etirazına və Cəmil Həsənlinin yeganə sədr olması təklifinə də münasibət bildirib: “Milli Şura məhz Rüstəm İbrahimbəyovun təşəbbüsü ilə bu formatda yarandı. Eyni zamanda Cəmil Həsənlinin vahid namizəd seçilməsini də məhz o istəyib. Bildiyimə görə, Cəmil Həsənli heç vaxt Rüstəm İbrahimbəyovun sədrlikdən kənarlaşdırılmasına razılıq verməz”.

Qurumun bəzi üzvləri tərəfindən siyasi partiya rəhbərlərinin də həmsədrlikdə təmsil olunması təklifində də münasibət bildirən Z. Quliyev bunu qısqanclıq kimi xarakterizə edib. Onun sözlərinə görə, siyasi liderlərin həmsədrlikdə olması qeyri-mümkündür: “Həm Cəmil Həsənlinin, həm də Rüstəm İbrahimbəyovun nə siyasi iddiaları, nə də arxalarında hər hansı təşkilat və ya qurum var. Onlar açıq formada dəfələrlə bəyan ediblər ki, cəmiyyət, millət üçün xidmət etmək istəyirlər, hətta seçki yolu ilə uğur qazansalar belə, hakimiyyətə gəlmək, hakimiyyətdə qalmaq üçün komandaları belə yoxdur. Ona görə də bu məsələdə hansısa qısqanclıq əsas rol oynayır. Vaxtı ilə Rüstəm İbrahimbəyov müxalifət partiyalarını birləşdirə bildi. Reallıqla hesablaşmaq lazımdır. Sabah hansısa partiyanın liderini Milli Şuraya sədr seçsək, qalan partiyalar buna dəstək verəcəkmi? Reallıq ondan ibarətdir ki, partiyalar və liderlər arasında çox ciddi rəqabət gedir. Ona görə də birləşdirici partiya liderini tapıb, Milli Şuranın sədri seçmək daha çətin olardı. Hesab edirəm ki, bu variant alına bilməz”.

Z. Quliyev onu da əlavə edib ki, mövqe, struktur və sədr dəyişiklikləri Milli Şura üçün zərərli ola bilər.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR