Elnur Aslanov: “Azərbaycanda internetə çıxış problem deyil, hər 100 nəfərdən 70-i internet istifadəçisidir”

Elnur Aslanov: “Azərbaycanda internetə çıxış problem deyil, hər 100 nəfərdən 70-i internet istifadəçisidir”
# 27 dekabr 2013 10:45 (UTC +04:00)

Bakı. Könül Kamilqızı - APA. “Əgər 2000-ci ildə dünya əhalisinin cəmi 6%-i, yəni 360 milyon nəfəri internet istifadəçisi idisə, bu rəqəm 2005-ci ildə 16%-ə, yəni 1 milyard nəfərə, 2010-cu ildə 29%-ə, yəni 2 milyard nəfərə çatıb”.

APA-nın xəbərinə görə, bunu Prezident Administrasiyasının Siyasi təhlil və informasiya təminatı şöbəsinin müdiri Elnur Aslanov Gənc Alim və Mütəxəssislər Şurasının təsis konfransında çıxışı zamanı deyib.

O bildirib ki, hazırda dünya əhalisinin 39%-ni ötməklə 3 milyard nəfərdən çox insan internet istifadəçisidir: “Proqnozlara görə, 2020-ci ilə qədər bu göstərici 5 milyard nəfərə çatacaq. Biz də indidən dünyanın yeni trendlərinə hazır olmalıyıq. Azərbaycanda internetə çıxış daha problem deyil, hər 100 nəfərdən 70-i internet istifadəçisidir. Mobil internetdən istifadə edənlər isə daha çoxdur. Hesab edirəm ki, internetdən daha səmərəli faydalanmağa ehtiyac var”.

Dünyada ən çox müraciət edilən 5 internet səhifəsindən biri hesab olunan Vikipediyadan danışan şöbə müdiri vurğulayıb ki, 30 milyondan çox ensiklopedik məqaləyə malik Vikipediya 286 dildə fəaliyyət göstərir, hər ay 100 milyonlarla istifadəçi oradan məlumatlar əldə edir: “Vikipediyanın Azərbaycan bölməsində 65 800 istifadəçi fəaliyyət göstərsə də, onlardan cəmi 500-ə yaxını fəal istifadəçidir. Bu azdır. Təəssüf ki, sosial şəbəkələrdə də intellektual diskussiya boşluğu hiss edilir. Azərbaycana qarşı əsassız ittihamlara verilən cavabları, reaksiyaları yetərli saymaq olmaz”.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR