İranda azərbaycanlı fəal azadlığa çıxıb - FOTO

İranda azərbaycanlı fəal azadlığa çıxıb - <span style="color: red;">FOTO
# 20 iyun 2014 08:21 (UTC +04:00)

Bakı. Real Cəfərli - APA. İranda azərbaycanlı fəal azadlığa çıxıb. APA-nın “Oyannews”a istinadən verdiyi məlumata görə, doktor Seyid Camal Musəvinejad bir ilik həbs cəzasını tamamladıqdan sonra iyunun 18-də Sarab şəhərinin həbsxanasından sərbəst buraxılıb.

Qeyd edək ki, C.Musəvinejad digər üç azərbaycanlı fəalla birlikdə 2012-ci il mayın 24-də Sarab şəhərində İran İnformasiya, Təhlükəsizlik və Kəşfiyyat Nazirliyinin (ETTELAAT) əməkdaşları tərəfindən həbs edilib. C.Musəvinejad və S.Məali 2 ay saxlanıldıqdan sonra 60 milyon, Ə.Səmədpur və H.Tohidi isə 5 aylıq həbsdən sonra 150 və 200 milyon tümən zəmanətlə azadlığa buraxılıblar. Ə.Səmədpur ürək-damar xəstəliyindən əziyyət çəkir, azərbaycanlı fəal ETTELAAT-ın təcridxanasında saxlanıldığı zaman ağır işgəncələrə məruz qaldığından iki dəfə huşunu tamamilə itirib və nəticədə İmam Rza xəstəxanasına aparılıb. Ə.Səmədpur həmçinin Sarab həbsxanasında saxlanıldığı zaman da zindanın məsul əməkdaşları tərəfindən döyülərək huşunu itirdiyindən, İmam Xomeyni xəstəxanasına aparılıb.

Bundan əlavə, Sarab şəhərinin Su İdarəsində işləyən H.Tohidi həbs olunduqdan sonra işdən çıxarılıb. Daha sonra Sarab İnqilab Məhkəməsində hakim Rəhim Xatirinin sədrliyi ilə keçirilən məhkəmə prosesində azərbaycanlı fəallar ümumilikdə 6 il azadlıqdan məhrum ediliblər. Belə ki, S.Məali və H.Tohidi hər biri 2 il, C.Musəvinejad və Ə.Səmədpur isə hər biri 1 il həbs cəzasına məhkum edilib. Bu hökm azərbaycanlı fəallara hakimiyyət əleyhinə təbliğat aparmaq ittihamına görə verilib. Bundan başqa, S.Məali və H.Tohidinin hər birinə 1 il də həbs cəzası kəsilib. Ancaq bu hökmün hansı ittiham əsasında verildiyi məlum deyil. Məhkəmə Ə.Səmədpur, C.Musəvinejad və S.Məaliyə bəzi ittihamlardan bəraət verib. Artıq qərar Apellyasiya Məhkəməsi tərəfindən qüvvədə saxlanılıb. Ötən il sentyabrın 29-da S.Məali, sentyabrın 30-da Ə.Səmədpur, oktyabrın 16-da H.Tohidi və oktyabrın 29-da C.Musəvinejad həbs cəzalarını çəkmələri üçün həbsxanaya salınıblar.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR