Rusiyanın Qolan təpələrinə sülhməramlı qüvvələr göndərmək təklifinə BMT-dən mənfi cavab gəlib

Rusiyanın Qolan təpələrinə sülhməramlı qüvvələr göndərmək təklifinə BMT-dən mənfi cavab gəlib
# 10 iyun 2013 14:16 (UTC +04:00)

Moskva. Fərid Əkbərov – APA. Rusiyanın Suriya-İsrail sərhədində yerləşən Qolan təpələrinə sülhməramlı qüvvələr göndərmək təklifinə BMT-dən mənfi cavab gəlib. APA-nının Moskva müxbirinin verdiyi məlumata görə, BMT-nin xüsusi nümayəndəsi Martin Nesirki rəsmi Moskvanın təklifini məmnuniyyətlə qarşıladıqlarını bildirib: “Lakin İsrail və Suriya arasında 1974-cü ildə bağlanan atəşkəs müqaviləsinin tələblərinə əsasən BMT Təhlükəsizlik Şurasının beş daimi üzvünün bölgəyə sülhməramlı göndərməsi mümkün deyil”.

“Rusiyanın təklifi Suriya və İsrail arasında baş verə biləcək müharibə təhlükəsini əngəlləyəcək”. Bu açıqlamanı isə Rusiya Dövlət Dumasının Beynəlxalq Əlaqələr Komissiyasının sədri Aleksey Puşkov bu gün keçirdiyi mətbuat konfransında verib. Onun sözlərinə görə, Suriya ilə İsrail arasında müharibə ehtimalını göz ardı etmək olmaz: “Əgər BMT sülhməramlıları bölgədən çıxsa, o zaman iki ölkə arasında müharibənin başlanması ehtimalı böyüyəcək. 1974-cü ildə bağlanan atəşkəs müqaviləsi yenilənməlidir və bir daha gözdən keçirilməlidir. Rusiyanın təklifinin birinci əldən rədd edilməsi çox tələskən bir mövqedir. Hələ bu təklif geniş müzakirə olunmayıb”.

İyunun 17-18-də Şimali İrlandiyada keçiriləcək “Böyük səkkizlər” (G8) toplantısını şərh edən A. Puşkov Vladimir Putinlə ABŞ prezidenti Barak Obamanın görüşü zamanı Suriya probleminin və raket hücumundan müdafiə sistemlərinin müzakirə olunacağını deyib.

Qeyd edək ki, Rusiya prezidenti Vladimir Putin Avstriya sülhməramlılarının Suriya-İsrail sərhədindəki Qolan təpələrindən geri çəkilməsindən sonra bölgəyə rus sülhməramlılarını göndərmək təklifini irəli sürüb.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR